Yuxarı

​Azərbaycanda 125 Niderland investisiyalı şirkət fəaliyyət göstərir

Bu ölkə tərəfindən Azərbaycan iqtisadiyyatının qeyri-neft sektoruna indiyədək təqribən 800 mln. ABŞ dolları həcmində investisiya yatırılıb

Bakı. 23 aprel. REPORT.AZ/ Bu gün iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Niderland Krallığına səfəri çərçivəsində Niderland-Azərbaycan biznes forumu keçirilib. Tədbirdə rəsmi şəxslərlə yanaşı, Azərbaycan tərəfindən kənd təsərrüfatı, qida sənayesi, tikinti, maliyyə, energetika, konsaltinq və digər sahələrdə fəaliyyət göstərən 50-ə yaxın iş adamı iştirak edib.

Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, biznes forumda çıxış edən iqtisadiyyat və sənaye naziri Ş. Mustafayev bildirib ki, hazırda Azərbaycanda xidmət, ticarət, sənaye, bankçılıq, sığorta, tikinti, nəqliyyat və s. sahələrdə 125 Niderland investisiyalı şirkət fəaliyyət göstərir. Niderland tərəfindən Azərbaycan iqtisadiyyatının qeyri-neft sektoruna indiyədək təqribən 800 mln. ABŞ dolları həcmində investisiya yatırılıb. Niderland şirkətləri Azərbaycanda həyata keçirilən layihələrdə podratçı qismində də iştirak edirlər. Azərbaycan və Niderland arasında əlaqələrin iqtisadiyyatın müxtəlif sahələri ilə yanaşı, təhsil sahəsini də əhatə etdiyini vurğulayan Ş. Mustafayev 2014-cü ildə Niderlandın Maastrixt İdarəetmə Məktәbi və Azərbaycanın ADA Universiteti arasında imzalanmış Əməkdaşlıq Müqaviləsini qeyd edib.

Bildirilib ki, iş adamlarının iştirakı ilə keçirilən tədbirlər əməkdaşlıq perspektivlərinin müzakirəsi və sahibkarlar arasında yeni əlaqələrin qurulması üçün yaxşı imkan yaradır. Bu baxımdan, əlaqələrimizin davamlı olaraq inkişaf etdiyi Niderland Krallığı ilə mütəmadi olaraq biznes forumlar keçirilir. Belə forumlardan biri 2014-cü ildə Niderland Senatının üzvü Rene Van Der Lindenin Azərbaycana səfəri çərçivəsində təşkil edilib. Qeyd olunub ki, Van Der Linden Azərbaycan və Niderland arasında müxtəlif sahələrdə əlaqələrin inkişafına öz töhfəsini verir. Təsadüfi deyil ki, ölkələrimiz arasında əməkdaşlığın inkişafına böyük töhfəsinə görə V. D. Linden Azərbaycan Respublikasının prezidenti tərəfindən "Dostluq" ordeni ilə təltif edilib.

Çıxışında Azərbaycan iqtisadiyyatı barədə məlumat verən Ş. Mustafayev ölkənin Cənubi Qafqazın siyasi, iqtisadi və mədəni mərkəzi, bir sıra iri regional layihələrin təşəbbüskarı və fəal iştirakçısı olduğunu, Azərbaycanda siyasi, makroiqtisadi və maliyyə sabitliyinin təmin edildiyini, ölkədə əlverişli biznes və investisiya mühitinin yaradıldığını, ölkədəki iqtisadi inkişafın beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirildiyini vurğulayıb.

Ş. Mustafayev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə danışaraq Ermənistanın işğalçı siyasəti nəticəsində Azərbaycan torpaqlarının 20%-nin işğal edildiyini, soydaşlarımızın qaçqın və məcburi köçkün həyatı yaşadığını, münaqişənin regional əməkdaşlığın inkişafına ən ciddi maneə olduğunu vurğulayıb. İşğalçı siyasəti nəticəsində Ermənistan regionda həyata keçirilən layihələrdən kənarda qalıb.

Niderland Krallığının iqtisadi işlər naziri Henk Kamp Niderland iqtisadiyyatına, bu ölkəyə investisiya qoyuluşu imkanlarına, eləcə də iş adamları arasında əməkdaşlığa, Limburq vilayətinin qubernatorunun müavini Tvan Beurskens təmsil etdiyi regiona və onun iqtisadiyyatına dair məlumat veriblər.

Tədbirdə çıxış edən AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanın biznes mühiti və investisiya imkanlarına, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov Fondun fəaliyyətinə, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) nümayəndəsi Kamran Ağası qurumun gördüyü işlərə dair məlumat verib.

Biznes forumda Niderlandın "Witteveen+Bos Consulting engineers" şirkətinin layihə rəhbəri Bjent van der Enden Azərbaycandakı əlverişli işgüzar mühitə, Abşeron göllərinin texniki-iqtisadi əsaslandırılması və Böyük Şor layihəsi haqqında, "WP Haton" şirkətinin nümayəndəsi Ferdinan Kottier isə şirkətin ölkəmizdəki fəaliyyətinə dair təqdimatlarla çıxış ediblər.

Tədbirdə Azərbaycan şirkətləri də fəaliyyətləri barədə təqdimatlarla çıxış edib.

Biznes forum iş adamları arasında ikitərəfli görüşlərə başa çatıb. Səfər zamanı həmçinin, Azərbaycan nümayəndə heyəti bir sıra istehsal müəssisələrində olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi