Yuxarı

​Azərbaycanla Böyük Britaniya arasında Birgə Hökumətlərarası Komissiya yaradılacaq

Bununla bağlı iki ölkə arasında anlaşma memorandumu imzalanıb

Bakı. 2 mart. REPORT.AZ/ İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Böyük Britaniya Parlamentinin üzvü, baş nazirin Azərbaycan, Qazaxıstan və Türkmənistan üzrə ticarət elçisi Çarlz Hendri ilə görüşüb.

“Report” nazirliyə istinadən xəbər verir ki, görüşdən əvvəl britaniyalı qonaqlar Bakı Biznes Mərkəzində Azərbaycanın son 10 ildə əldə etdiyi sosial-iqtisadi uğurları əks etdirən sərgi ilə tanış olublar.

Ş.Mustafayev bildirib ki, Böyük Britaniyada qeydiyyatdan keçmiş Azərbaycan təşkilatlarının fəaliyyəti, bu ölkədə təhsil alan azərbaycanlı gənclər, keçirilən müxtəlif tədbirlər iki ölkə arasında əlaqələrin inkişafına öz töhfəsini verir. Azərbaycan və Böyük Britaniya iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən enerji, ticarət, investisiya qoyuluşu sahələrində əməkdaşlıq edirlər. Hazırda Azərbaycanda 543 Britaniya sərmayəli şirkət fəaliyyət göstərir.

Nazir deyib ki, Böyük Britaniya tərəfindən Azərbaycan iqtisadiyyatına 20 mlrd. ABŞ dolları investisiya qoyulub. Ş.Mustafayev turizm, ekologiya, İKT, enerji, kənd təsərrüfatı məhsullarının istehsalı, investisiya, eləcə də Azərbaycanda yaradılan sənaye parklarında Britaniya şirkətlərinin iştirakı və Sumqayıt Kimya Sənaye Parkı ilə əməkdaşlıq, birgə biznes forum və sərgilərin keçirilməsi sahələrində əməkdaşlığa dair fikirlərini bildirib: "Ölkədə sahibkarlıq sürətlə inkişaf edir və bir sıra sahibkarlar artıq iri investora çevrilib. Bunlar isə Azərbaycan şirkətlərinin Böyük Britaniyada fəaliyyətinin genişlənməsinə yeni imkanlar açır". 

Nazir əməkdaşlıqda yeni istiqamət olan Azərbaycan və Böyük Britaniya arasında yaradılacaq Birgə Hökumətlərarası Komissiyanın ölkələr arasında əlaqələrin inkişafında xüsusilə əhəmiyyətli olacağını vurğulayıb. Hökumətlərarası Komissiya çərçivəsində iqtisadiyyatın müxtəlif sahələri üzrə dövlət qurumlarının və özəl sektor təmsilçilərinin əlaqələrinin genişləndirilməsi təşviq olunacaq.

Ç.Hendri isə öz növbəsində Azərbaycana səfərindən və səmimi qəbuldan məmnunluğunu bildirib, qarşılıqlı səfərlərin əlaqələrin genişləndirilməsində əhəmiyyətini qeyd edib. O,i Azərbaycan və Böyük Britaniya arasında Birgə Hökumətlərarası Komissiyanın müxtəlif sahələrdə, eləcə də iş adamları arasında əlaqələrin inkişafında, Böyük Britaniya şirkətlərinin Azərbaycanda mövcud olan imkanlarla yaxından tanış olması baxımından əhəmiyyətli olacağını vurğulayıb.

Görüşün sonunda “Azərbaycan Respublikasının Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi və ticarət əməkdaşlığı haqqında” Anlaşma Memorandumu imzalanıb. Sənədi Ş.Mustafayev və Ç.Hendri imzalayıblar. Memoranduma əsasən, Azərbaycan və Böyük Britaniya arasında Birgə Hökumətlərarası Komissiya yaradılacaq, iqtisadi və ticarət əlaqələri daha da genişləndiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi