Yuxarı

Azərbaycan - Səudiyyə Ərəbistanı biznes forumu keçirilib

Növbəti biznes forum noyabr ayında Səudiyyə Ərəbistanında keçiriləcək

Bakı. 15 may. REPORT.AZ/ Bu gün Heydər Əliyev Mərkəzində İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə II Azərbaycan - Səudiyyə Ərəbistanı biznes forumu keçirilib.

Nazirlikdən "Report"a verilən məlumata görə, tədbirdə hər iki ölkədən rəsmi şəxslərlə yanaşı, kənd təsərrüfatı, sənaye, tikinti, maliyyə, İKT, logistika, turizm, konsaltinq, neft- kimya, səhiyyə və s. sahələrdə fəaliyyət göstərən 300-dən çox iş adamı iştirak edib.

Nazir Şahin Mustafayev Azərbaycan və Səudiyyə Ərəbistanı Krallığı arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu, iqtisadi əlaqələrin müxtəlif sahələrdə uğurla davam etdiyini vurğulayıb. Azərbaycan Prezidenti İlham Əliyevin bu ilin aprel ayında Səudiyyə Ərəbistanına səfəri iki ölkə arasında əlaqələrin yüksək səviyyədə olmasının göstəricisidir. Biznes forumun iş adamları arasında maraqla qarşılandığını qeyd edən Şahin Mustafayev belə tədbirlərin biznes təşəbbüslərinin stimullaşdırılmasına, yeni əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsinə və ikitərəfli ticarət-iqtisadi əlaqələrin genişləndirilməsinə töhfə verəcəyini bildirib. Qeyd olunub ki, növbəti biznes forum noyabr ayında Səudiyyə Ərəbistanında keçiriləcək. İnvestisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında Saziş, ikiqat vergitutmanın aradan qaldırılması haqqında konvensiya və digər sənədlər iqtisadi sahədə əlaqələrin inkişafında əhəmiyyətlidir. İkitərəfli ticarət əlaqələrinin iqtisadi əməkdaşlığın əsas istiqamətlərindən olduğunu qeyd edən Şahin Mustafayev ticarət əlaqələrinin daha da genişləndirilməsi üçün geniş imkanların olduğunu bildirmiş, sənaye, kənd təsərrüfatı, investisiya, İKT sahələrində əməkdaşlıq perspektivlərini diqqətə çatdırıb.

Azərbaycan iqtisadiyyatı barədə məlumat verən Şahin Mustafayev ölkənin siyasi və makroiqtisadi baxımdan sabit ölkə, regionun iqtisadi və mədəni mərkəzi, böyük transmilli layihələrin təşəbbüskarı və aparıcı iştirakçısı, etibarlı tərəfdaş olduğunu vurğulayıb.

Səudiyyə Ərəbistanı Krallığının ticarət və sənaye naziri Tofiq Bin Fauzan Əl-Rəbiə Azərbaycana səfərindən məmnunluğunu ifadə edib, səfər zamanı ölkədəki sosial-iqtisadi inkişafın şahidi olduğunu vurğulayıb. Azərbaycan Prezidentinin 2015-ci ildə Səudiyyə Ərəbistanına səfərinin iki ölkə arasında əlaqələrin genişlənməsinə böyük töhfə verdiyi bildirilib. Qeyd olunub ki, hər iki ölkə müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə əlaqələrin genişləndirilməsində maraqlıdır. Azərbaycan və Səudiyyə Ərəbistanı arasında ticarət əlaqələrinin inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu qeyd edən Tofiq Bin Fauzan Əl-Rəbiə iş adamlarını fəal əməkdaşlığa dəvət edib.

Sonra AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanın investisiya mühiti və biznes imkanlarına, Səudiyyə Ərəbistanı Palatalar Şurasının sədri Abdul Rahman Al-Zamil, Sənaye qruplarının təkmilləşdirilməsi haqqında Səudiyyə Ərəbistanı Milli Sənaye Qrupunun vitse-prezidenti Abdulmajeed Al Maymoon ölkəsinin iqtisadiyyatına, investisiya imkanlarına, Azərbaycan İnvestisiya Şirkətinin icraçı direktoru Rövşən Nəcəf qurumun fəaliyyətinə, "Saudi Export" təşkilatının biznes inkişafı üzrə direktoru Bassam Alauja təşkilatın fəaliyyətinə, Sumqayıt Kimya Sənaye Parkının direktor müavini Zaur Məmmədov parkın fəaliyyətinə, Səudiyyə İnkişaf Fondunun nümayəndəsi Saleh Abdullah Aladdad fondun işinə, Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasının Avropa və MDB ölkələri üzrə baş direktoru Samir Tağıyev korporasiyanın fəaliyyətinə dair çıxış ediblər.

Biznes forum iş adamları arasında ikitərəfli görüşlərlə davam edib.

Səudiyyə Ərəbistanı Krallığının ticarət və sənaye naziri Tofiq Bin Fauzan Əl-Rəbiənin rəhbərlik etdiyi rəsmi şəxslərdən və iş adamlarından ibarətət nümayəndə heyəti səfər çərçivəsində "Bakı Ağ Şəhər"də olub, burada görüşlmüş işlərlə, tikilmiş bina və obyektlərlə tanış olublar. Səudiyyə Ərəbistanından olan qonaqlara "Bakı Ağ Şəhər" layihəsi barədə ətraflı məlumat verilib. Qonaqlar həmçinin Füzuli küçəsində ən müasir texnologiyaların tətbiqi ilə sürüşdürülməklə yeri dəyişdirilmiş memarlıq binası ilə tanış olublar.

Səudiyyə Ərəbistanı nümayəndə heyətinə daxil olan iş adamları Sumqayıt Kimya Sənaye Parkında olub, burada qonaqlar üçün sənaye parkının təqdimatı keçirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi