Yuxarı

​Azərbaycanda sahibkarlara güzəşt sənədi verilməsi təklif edilir - ƏLAVƏ OLUNUB

Həmin maddəyə görə investisiya fəaliyyəti həyata keçirən hüquqi şəxslərə investisiya təşviqi sənədi verilməsi təklif edilir

İlk xəbər 11:10-da dərc olunub

Bakı. 19 yanvar. REPORT.AZ/ Azərbaycanda sahibkarlara "investisiya təşviqi sənədi"nin verilməsi təklif edilir. "Report" xəbər verir ki, bu barədə Milli Məclisin növbədənkənar iclasına çıxarılan "Vergilər Məcəlləsi"nə ediləcək dəyişikliklərdə nəzərdə tutulub.

Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanununda göstərilir ki, həmin maddəyə görə investisiya fəaliyyəti həyata keçirən hüquqi şəxslərə "investisiya təşviqi sənədi" verilməsi təklif edilir.

Qeyd olunur ki, investisiya təşviqi sənədi - investisiya fəaliyyəti həyata keçirən hüquqi şəxslərə və fərdi sahibkarlara müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydasına uyğun olaraq verilən və məcəllədə nəzərdə tutulmuş güzəştlərin əldə edilməsinə əsas verən sənəddir.

Həmin məcəlləyə əlavə edilmiş digər maddəyə görə investisiya təşviqi sənədi almış hüquqi şəxslərdə və fərdi sahibkarlarda vergitutma qaydaları haqqında məlumat verilir.

Belə ki, investisiya təşviqi sənədini almış şəxs təsərrüfat və digər vergitutma obyektlərini Məcəllə ilə müəyyən edilmiş güzəşt müddəti bitənədək təqdim etdikdə, mövcud investisiya layihəsinə uyğun olaraq mal (iş, xidmət) istehsalına başlamağı və ya davam etdirməyi öhdəsinə götürən təsərrüfat və digər vergitutma obyektlərini əldə edən yeni şəxsə vergi güzəştləri həmin müddətin qalan hissəsi ərzində verilir.

İnvestisiya təşviqi sənədi əvvəllər almış şəxs yeni investisiya layihəsinə əsasən istehsal sahəsi qurduqda, bu Məcəllə ilə müəyyən edilmiş vergi güzəştləri şəxsin yeni investisiya layihəsi üzrə İnvestisiya təşviqi sənədi alındığı tarixdən hesablanır.

İnvestisiya təşviqi sənədi almış şəxs vergi güzəştlərinin tətbiq olunduğu dövrdə investisiya layihəsinə aid olmayan fəaliyyət göstərdikdə həmin fəaliyyətlə bağlı gəlirlərin və xərclərin uçotunu ayrıca aparmalı və bu fəaliyyətə görə əldə etdiyi gəlirlərdən vergiləri Vergi Məcəlləsi ilə müəyyən edilmiş ümumi qaydada ödəyir.

***

Vergilər Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən "investisiya təşviqi sənədi" almış fərdi sahibkar həmin sənədi aldığı andan əldə etdiyi gəlirin, hüquqi şəxsin həmin sənədi aldığı andan əldə etdiyi mənfəətin 50%-i 7 il müddətinə gəlir vergisindən azad edilir.

Həmçinin bu məcəlləyə edilən əlavələrə görə, investisiya təşviqi sənədini almış hüquqi şəxslər və fərdi sahibkar tərəfindən müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı - investisiya təşviqi sənədini aldığı andan 7 il müddətinə, buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı - 2016-cı il yanvarın 1-dən 1 il müddətinə vergi ödəməkdən azad edilir.

Vergilər Məcəlləsinə əlavə edilmiş yeni maddəyə görə isə, İnvestisiya təşviqi sənədini almış hüquqi şəxs və fərdi sahibkar həmin sənədi aldığı andan müvafiq əmlakına görə 7 il müddətinə əmlak vergisini ödəməkdən azaddırlar.

Bu məcəlləyə əlavə edilmiş 207.5-ci maddədədə isə deyilir ki, investisiya təşviqi sənədini almış hüquqi şəxs və fərdi sahibkar həmin sənədi aldığı andan mülkiyyətində və ya istifadəsində olan müvafiq torpaqlara görə 7 il müddətinə torpaq vergisini ödəməkdən azaddırlar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi