Azərbaycan Qazaxıstanın Aqmola vilayəti ilə əməkdaşlığı inkişaf etdirmək niyyətindədir

Azərbaycan Qazaxıstanın Aqmola vilayəti ilə əməkdaşlığı inkişaf etdirmək niyyətindədir Səfirliyin müşaviri: "Azərbaycan öz biznes potensialını təqdim etmək və Aqmola vilayətinin potensialını öyrənmək niyyətindədir"
Biznes
8 Noyabr , 2016 11:38
Azərbaycan Qazaxıstanın Aqmola vilayəti ilə əməkdaşlığı inkişaf etdirmək niyyətindədir

Bakı. 8 noyabr. REPORT.AZ/ "Bu gün Azərbaycan əsas qida məhsulları ilə özünü təmin etmək baxımından MDB ölkələri arasında lider mövqelərdədir".

"Report" "BNews.kz" portalına istinadən xəbər verir ki, bunu Azərbaycanın Qazaxıstandakı səfirliyinin müşaviri Ağacavid Ramazanov azərbaycanlı sahibkarlar və Aqmola vilayətindən olan qazaxıstanlı iş adamlarının iştirakı ilə keçirilən dəyirmi masada deyib.

"Bu, iqtisadiyyatımızın inkişafında mühüm amildir. Yeri gəlmişkən, Aktaudakı logistika mərkəzi (Azərbaycan sərmayəsi hesabına tikilib - red.) Qərbi Qazaxıstan regionunu ərzaqla təmin edir. Karbohidrogen xammalının hasilatı respublikanın ixrac potensialının inkişafına yardım edir", - deyə A.Ramazanov bildirib.

Onun sözlərinə görə, Azərbaycan öz biznes potensialını təqdim etmək və Aqmola vilayətinin potensialını öyrənmək, eləcə də məhsul ixracı, ticarət, turizm sahələri baxımından qarşılıqlı faydalı əməkdaşlıq qurmaq niyyətindədir.

Öz növbəsində, Azərbaycan Biznes İnvestisiyaları Assosiasiyasının vitse-prezidenti, Azərbaycan Sahibkar İttifaqının Qazaxıstandakı sədri Gündüz Məmmədli qeyd edib ki, Azərbaycan şirkətləri bu regiona məhsul tədarükçüsü olmağa hazırdırlar.

"Eyni zamanda, Aqmola iş adamları da onlara ehtiyat hissələr, komponentlər, xammal təklif edə bilər", - deyə o əlavə edib.

İttifaq sədri bu gün Azərbaycanda infrastruktur, nəqliyyat logistikasının inkişafına böyük diqqət yetildiyini vurğulayıb.

"Əməkdaşlıq imkanlarının əsas üstünlüyü ondan ibarətdir ki, bizim birbaşa bərə əlaqəmiz var. Hazırda ölkələrimiz nəqliyyat daşımalarının yaxşılaşdırılması, tariflərin azaldılması üzərində çalışır. Logistika mərkəzi olan dəniz limanı tikilir. Hesab edirəm ki, o da münasibətlərimizin inkişafına qatqı təmin edəcək", - deyə G.Məmmədli bildirib.

Görüş zamanı Azərbaycanın Aktau, Atırau, Mangistau, Uralsk kimi Qazaxıstan şəhərləri ilə uğurla əməkdaşlıq etdiyi və yükdaşımalarının həcmini artırdığı qeyd edilib.

Bundan başqa, tərəflər Azərbaycan və Qazaxıstan turizm şirkətləri arasında əməkdaşlığa, eləcə də iki ölkə arasında avia əlaqələrin inkişafına dair fikir mübadiləsi aparıb.

Son xəbərlər

Orphus sistemi