​Azərbaycan parlamenti lisenziya və icazələrlə bağlı qanun layihəsinin müzakirəsinə başlayıb

​Azərbaycan parlamenti lisenziya və icazələrlə bağlı qanun layihəsinin müzakirəsinə başlayıb Yeni və qüvvədə olan lisenziyalar müddətsiz veriləcək
Biznes
17 Dekabr , 2015 13:56
​Azərbaycan parlamenti lisenziya və icazələrlə bağlı qanun layihəsinin müzakirəsinə başlayıb

Bakı. 17 dekabr. REPORT.AZ/ "Lisenziyalar və icazələr haqqında" qanun layihəsi bu gün Azərbaycan Milli Məclisi İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin iclasında müzakirə olunub. "Report"un verdiyi xəbərə görə, qanun layihəsi lisenziyalar və icazələrin tənzimlənməsini nəzərdə tutur.

İqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədov bildirib ki, hazırda lisenziyalaşdırma sahəsi tənzimlənir və bu sahədə müəyyən hüquqi baza olsa da, icazələr üçün hüquqi baza yoxdur. Ona görə, bu layihədə "icazələr" anlayışı da əksini tapıb və icazələrin hüquqi bazası formalaşdırlır.

"Lisenziya və icazələr sistemlərinin dövlət tənzimlənməsi prinsipləri, lisenziya və icazələrin verilməsi, rəsmiləşdirilməsi, dayandırılması, ləğv edilməsi qaydaları, icazə verənlərin məsuliyyətinin tənzimlənməsi qanun layihəsində əks olunub", - deyə nazir müavini qeyd edib.

S.Məmmədov bildirib ki, layihə hazırlanarkən beynəlxalq təcrübə, o cümlədən Gürcüstan, Ukrayna, Avropa İttifaqı ölkələri, IFC-nin təcrübəsindən istifadə olunub.

Layihədə əsas məqam lisenziya və icazələrlə bağlı vahid siyasətin müəyyənləşdirilməsi ilə bağlıdır. Layihədə yeni prinsiplərdən biri də bu sahədə "susmaqla razılıq" prinsipidir. Yəni, sahibkarın hər hansı fəaliyyət üçün müraciətinə dövlət orqanı tərəfindən cavab verilməzsə, sahiblar fəaliyyətə başlaya bilər.

Həmçinin, lisenziyaların müddətsiz verilməsi nəzərdə tutulub. Bu, hazırda qüvvədə olan lisenziyalara da şamil ediləcək.

Bundan başqa, lisenziya və icazələrin verilməsi prinsiplərinin sadələşdirilməsi, sərf olunan vaxtın azaldılması, "bir pəncərə" prinsipinin tətbiqi nəzərdə tutulub. Artıq lisenziyaların noyabrın 2-dən "ASAN Xidmət" vasitəsi ilə verilməsinə başlanılıb və indiyədək 200-dən artıq sahibkarlıq subyektinə lisenziya verilib.

Hazırda lisenziayalar 15 günə verilir, təklifdə əsasən lisenziyaların verilməsinin müddətinin 10 iş günü, icazələr üçün isə 7 iş gününə kimi azaldılması planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi