Yuxarı

Bakıda ​Azərbaycan-Böyük Britaniya işgüzar görüşü keçirilib

Görüşdə investisiya qoyuluşu, kiçik və orta sahibkarlıq sahəsində əməkdaşlığa dair fikir mübadiləsi aparılıb

Bakı. 1 iyun. REPORT.AZ/ Bu gün Bakı Biznes Mərkəzində London şəhərinin siti hissəsinin meri lord Alderman Alan Yarrounun Azərbaycana səfəri çərçivəsində Azərbaycan-Böyük Britaniya işgüzar görüşü keçirilib.

“Report” İqtisadiyyat və Sənaye Nazirliyinə istinadən bildirir ki, tədbirdə rəsmi şəxslərlə yanaşı, xidmət, bank, maliyyə, sığorta sahələrində fəaliyyət göstərən şirkətlərin, həmçinin London fond birjasının nümayəndələri iştirak ediblər.

İşgüzar görüşdə Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev bildirib ki, azərbaycanlı gənclər Azərbaycan gənclərinin xarici ölkələrdətəhsili üzrə Dövlət Proqramı (2007-2015-ci illər) çərçivəsində dünyanın nüfuzlu ali təhsil müəssisələrində, o cümlədən Britaniya universitetlərində təhsil alırlar. Nazir Azərbaycan və Böyük Britaniya arasında hökumətlərarası komissiyanın yaradılmasının iki ölkə arasında əməkdaşlığın, xüsusilə də iqtisadi əlaqələrin inkişafında, qarşılıqlı maraq doğuran məsələlərin müzakirə olunmasında əhəmiyyətli olacağını vurğulayıb, hazırda komissiyanın tərkibinin formalaşdırılması istiqamətində işlərin aparıldığını qeyd edib.

London şəhərinin meri Azərbaycana səfərindən məmnunluğunu bildirib, Azərbaycan və Böyük Britaniya arasında əlaqələrin uğurla davam etdiyini, qarşılıqlı səfərlərin əməkdaşlığın genişləndirilməsində əhəmiyyətini qeyd edib.

Görüş çərçivəsində maliyyə bazarı, investisiya qoyuluşu, kiçik və orta sahibkarlıq sahəsində əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

Sonda Azpromo-nun rəhbəri Rüfət Məmmədov Azərbaycan iqtisadiyyatına, ölkənin biznes və investisiya mühitinə dair təqdimatla çıxış edib, Böyük Britaniya şirkətləri isə fəaliyyətləri barədə məlumat verib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi