Yuxarı

Azərbaycan bir sıra məhsulların idxal və satışını ƏDV-dən azad edib

Parlament bununla bağlı Vergi Məcəlləsində dəyişiklikləri təsdiq edib

Bakı. 6 may. REPORT.AZ/ Azərbaycan Vergi Məcəlləsində dəyişikliklər parlamentin bugünkü plenar iclasında müzakirə olunaraq təsdiq edilib. "Report"un verdiyi xəbərə görə, dəyişiklik bir sıra məhsulların idxal və satışının əlavə dəyər vergisindən (ƏDV) azad edilməsini nəzərdə tutur.

Belə ki, dəyişikliyə əsasən, damazlıq heyvan idxalı və satışı, toxum və tinglərin idxal və satışı, mineral gübrələr, pestisidlərin idxalı, toxumların yetişdirilməsi, laboratoriya avadanlıqları, toxum, taxıl və quru paxlalı bitkilərin təmizlənməsi, çeşidlənməsi və ya kalibrlənməsi üçün maşınların idxalı və satışı, kənd təsərrüfatı heyvanları və quşlarının profilkatikası, diaqnostikası və müalicəsi üçün istifadə olunan baytarlıq preparatlarının idxalı, bilavasitə kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğuların, maşınların, avadanlıqların və texnikanın idxalı və satışı ƏDV-dən azad olunur.

İkinci dəyişiklik isə kənd təsərrüfatı təyinatlı torpaqların hər hansı üzrlü səbəb olmadan təyinatı üzrə istifadə edilmədikdə ona tətbiq olunan vergi dərəcəsi ilə bağlıdır. Belə ki, dəyişikliyə əsasən, həmin torpaq üzrlü səbəb olmadan təyinatı üzrə istifadə olunmursa, vergi dərəcəsi artırılır və hər 100 kv. metr üçün 10 manat müəyyən edilir. Qeyd edək ki, təyinatı üzrə istifadə olunduqda torpaq vergisi yerli büdcələrə, təyinatı üzrə istifadə olunmadıqda toplanan vergi isə dövlət büdcəsinə daxil ediləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi