Yuxarı
    Bağlamaq

    Azərbaycan aşağı risk qrupuna aid vergi ödəyicilərinin ölkədən çıxışına qadağanı məhdudlaşdıracaq

    Fazil Məmmədovun sözlərinə görə, yeni Vergi Məcəlləsində sahibkarlıq subyektlərinin lüzumsuz yoxlanması qəbul edilmir

    Bakı. 28 fevral. REPORT.AZ/ “Vergilər Nazirliyi hesabatlılığın və bəyannamələrin təqdim olunması sistemində dəyişikliklər edəcək. Kiçik və orta sahibkarlıq subyektləri üçün bəyannamə və hesabat formaları sadələşdiriləcək”. “Report” xəbər verir ki, bu barədə Azərbaycan vergilər naziri Fazil Məmmədovun Avropadaxili Vergi Administrasiyaları Təşkilatının saytında (www.iota-tax.org) yerləşdirilmiş məqaləsində qeyd edilib.

    Nazirin sözlərinə görə, rəhbərlik etdiyi qurum sahibkarlara dəstəyini davam etdirəcək: “Müasir dövrdə vergi orqanları qarşısında duran başlıca vəzifələrdən biri aşağı risk qrupuna daxil olan vergi ödəyicilərinə hərtərəfli dəstəyin verilməsi, partnyorluq sazişləri əsasında vergi risklərinin minimallaşdırılmasıdır. İri və xüsusi rejimli müəssisələr üçün isə hesabatlılıqda analitik təhlillərin aparılmasına imkan verəcək təkmilləşdirmələr aparılacaq. Bu yanaşma ərazi vergi orqanlarında da tətbiq edilib. Yerli vergi orqanlarının strukturunda kiçik sahibkarlarla işləyəcək ayrıca idarələr və vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu şöbələri yaradılıb”.

    F.Məmmədovun sözlərinə görə, yeni Vergi Məcəlləsində sahibkarlıq subyektlərinin lüzumsuz yoxlanması qəbul edilmir: “Sahibkarları narahat edən əsas məsələlər - vergi yoxlamaları, xüsusilə kameral yoxlamalar, operativ nəzarət tədbirləri sahələrində müşahidə olunan problemlər, o cümlədən vergi əməkdaşları tərəfindən edilən aramsız zənglər, bank hesablarına tez-tez sərəncamların qoyulması və s. kimi məsələlər aradan qaldırılıb. Mühüm məsələlərdən biri də budur ki, yeni administrativ yanaşmada vergi orqanlarının təhlil aparılmadan, onun zəruri əsaslandırılması olmadan yoxlama keçirməsinin mümkünsüzlüyü öz əksini tapıb. Vergi öhdəlikləri və vergi potensialı risk modulları üzərindən dəyərləndiriləcək. Artıq Vergilər Nazirliyində risklərin avtomatik emal edilməsinə, təhlilinə və vergi ödəyicilərinin risk meyarları üzrə qruplaşdırılmasına imkan verən risklərin qiymətləndirilməsi sistemi yaradılıb. Yerli strukturlar, ümumiyyətlə, öz qərarları əsasında vergi nəzarəti tədbirləri keçirməyəcək. Aşağı risk qrupları üçün vergi ödəyicilərinin hesablarına sərəncam qoyulması, ölkədən çıxışlarına məhdudiyyətlərin müəyyən edilməsi məhdudlaşdırılacaq, KOS subyektlərində yoxlamalar təkmilləşdiriləcək. İlk növbədə, KOS subyektlərində yoxlamaların risk dərəcəsi əsasında aparılması prinsiplərinin tətbiqi genişləndiriləcək, yoxlamaların sayı optimallaşdırılacaq. KOS subyektlərində səyyar yoxlamaların sayı məhdudlaşdırılacaq və elektron yoxlama metodu tətbiq ediləcək. Operativ vergi nəzarəti prosesi təkmilləşdirilərək yeni qaydalara uyğun, daha sivil formada aparılacaq. İKT sahəsində yeni innovativ texnologiyaların tətbiqi sayəsində ƏDV-nin qaytarılması prosesi sürətləndiriləcək”.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi