Avropa İttifaqının Azərbaycanda əsas dəstək alətləri - tvininq və layihələr - ARAŞDIRMA

Avropa İttifaqının Azərbaycanda əsas dəstək alətləri - tvininq və layihələr - ARAŞDIRMA Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında münasibətlər ilbəil daha da genişlənir.
Biznes
6 İyul , 2019 10:29

Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında münasibətlər ilbəil daha da genişlənir.

"Report" xəbər verir ki, əməkdaşlıq bir sıra sahələri əhatə edir. Bu yaxınlaşma əlaqələrin bütün sahələrində hiss edilir. Aİ Azərbaycanda aparıcı xarici investorlardan biridir. 2013-cü ildə onun ölkədəki birbaşa xarici investisiyaları 4,7 mlrd. avroya çatıb. Aİ ölkələri Azərbaycanın əsas ticarət tərəfdaşı olaraq qalır. Ölkənin ümumi ixracının 54,3%-i, ümumi idxalının isə 20,3%-i Aİ ölkələrinin payına düşür. Avropa İttifaqı ölkələri tərəfindən Azərbaycan iqtisadiyyatına 33 mlrd. dollardan çox sərmayə yatırılıb. Azərbaycan Avopa İttifaqının Cənubi Qafqaz regionunda əsas tərəfdaşıdır. Aİ-nın bu regionda ticarətinin 78%-i ölkəmizin payına düşür. Həmçinin Azərbaycanın ticarət dövriyyəsinin 42%-i Aİ ölkələrinin payına düşür. Ticarətin gücləndirilməsi üçün ciddi addımlar atılır. Ötən il Aİ ilə ticarət dövriyyəsində 30% artım əldə edilib.

Aİ yardımı həmçinin INOGATE, TRASEKA, TEMPUS və ERASMUS MUNDUS kimi başqa proqramlar vasitəsilə daxil olur.

Kəmalə Umaxanova: Avropa İttifaqının dəstəyini yüksək qiymətləndirirəm

Şəki-Zaqatala bölgəsində UNDP və ABAD ilə birlikdə layihə həyata keçirilib. Layihə Avropa İttifaqı tərəfindən maliyyələşdirilir. Həmin layihədə Balakəndən iştirak edən Kəmalə Umaxanova bildirib ki, layihə region üçün mühüm əhəmiyyətə malikdir.

O vurğulayıb ki, layihə çərçivəsində müxtəlif sahələr üzrə 7-8 təlim keçirilib: “Seminarlara sentyabrdan etibarən başlanılıb. Sahibkarlıq, vergi, maliyyə, marketinq sahəsində həmçinin, Azərbaycan Xalçaçılıq İnstitutunda da xalçaçılıqla bağlı tədris keçirilib.Təlimdə xalçaçılıq sahəsinin incəliklərini öyrədiblər, xalçanı toxuduqdan sonra onun maliyyələşdirilməsi ilə bağlı dərslərə də yer verilib. Dəzgahlarımızda artıq toxumağa başlamışıq ”.

"Avropa İttifaqının dəstəyini yüksək qiymətləndirirəm".

Kəmalə Umaxanova

Kəmalə Umaxanova

“Bu sahədə biznesin başlanması üçün dəzgahların alınması, əlində maliyyəsi olmayan evdar qadınlara gələcəklərini qurmaları üçün böyük dəstək göstərilir. Avropa İttifaqının dəstəyini yüksək qiymətləndirirəm”,- o vurğulayıb.

K. Umaxanova tarix müəlliməsi olmasına baxmayaraq, xalçaçılıq sahəsinə marağının olduğunu bildirib.

O qeyd edib ki, xalçaçılıqla bağlı seminarda 6 xanım iştirak edib: “Həmin xanımları seminarlarda iştirak etməyə çağırdım. Bu, bizim rayon üçün həqiqətən də gözəl imkandır.Təlimdən sonra çalışacam ki, uşaqlar arasında da bu sahəni təbliğ edəm. Çünki, xalçaçılıq Azərbaycanın qədim mədəniyyət nümunəsidir. Xalçaçılıq sənətkarlığı və rəssamlığı özündə birləşdirir. İnanıram ki, uşaqlar arasında bu sahə üzrə istedadı olan gənclər yetişəcək və gələcəkdə xalçaçılıq daha da inkişaf edəcək. Bizim rayonumuzda zavod, fabrik yoxdur. Bu sahənin regionda inkişafı işsizliyin həllinə səbəb ola bilər”.

Azərbaycan Şərq Tərəfdaşlığına daxil olan 6 ölkə arasında tvininq alətindən ən çox istifadə edən ölkədir

Tvininq layihəsi münasibətlərin inkişafı üçün ən yaxşı fürsətdir. Azərbaycan Şərq Tərəfdaşlığına daxil olan 6 ölkə arasında tvininq alətindən ən çox istifadə edən ölkədir. Hazırda 38 bitmiş layihə var, 10 layihə davam edir, bir layihə isə hazırlıq mərhələsindədir. Bu mexanizm oxşar dövlət qurumları arasında ən yaxşı təcrübə və təcrübə mübadiləsini nəzərdə tutur, nəticədə Azərbaycan tərəfi özü üçün ən uyğun modeli seçir. Belə ki, Aİ Azərbaycanda bir sıra tvininq layihələrini həyata keçirməklə, kənd təsərrüfatı, turizm, ədliyyə, siğorta və digər sahələrə dəstək göstərir.

Kənd təsərrüfatında tvininq

Azərbaycanda 2016-cı ildə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətində Avropa İttifaqının dəstəyi ilə Azərbaycan, Fransa və Macarıstanın kənd təsərrüfatı nazirlikləri tərəfindən birgə həyata keçirilmiş “Azərbaycanda Epidermioloji Nəzarət Sisteminin gücləndirilməsi istiqamətində Dövlət Baytarlıq Nəzarət Xidmətinə dəstək" layihəsinə başlanılıb. Layihənin əsas hədəfi ölkədə heyvan və insan sağlamlığını qorumaq, kənd təsərrüfatı sektorunda iqtisadi artıma və qida təhlükəsizliyi üzrə vəziyyətin yaxşılaşdırılmasına töhfə vermək üçün Beynəlxalq Epizootik Büronun tələblərinə uyğun olaraq respublikada heyvan xəstəliklərinin, zoonozların epidemiologiyası, profilaktikası və xəstəliklərə nəzarət sahəsində Dövlət Baytarlıq Nəzarəti Xidmətinin potensialını daha da gücləndirməklə DBNX-nin imkanlarını genişləndirməkdən ibarətdir. Avropa İttifaqının 1 020 000 avro dəyərində maliyyələşdirdiyi Tvininq layihəsi 2018-ci ildə bitib. Layihə çərçivəsində beynəlxalq və milli ekspertlər tərəfindən qarayara, nodulyar dermatit, xırdabuynuzlu heyvanların taun xəstəliyi, nyukasl, yüksək patogenli “quş gripi”, bruselyoz və quduzluq xəstəliklərinə qarşı mübarizə tədbirləri barədə qaydalar, həmin xəstəliklər üzrə Fövqəladə Fəaliyyət Planı və hər bir adıçəkilən xəstəliyin Standart Əməliyyat Prosedurları BEB-in və Avropa İttifaqı (Aİ) təşkilatlarının tələblərinə uyğun hazırlanmış, həmçinin müəyyən tədbirlərin özəl baytarlıq xidmətinə həvalə edilməsi, kompensasiya və heyvanların rifahı məsələləri ilə bağlı mövcud qanunvericiliyə əlavə və dəyişikliklər layihəsi hazırlanıb. “Tvinninq” layihəsinin komponentlərinə daxil olan "Azərbaycanda Quduzluğun kökünün kəsilməsi üzrə Milli Planın tərtibatı"na dair seminar keçirilib. Tvinniq layihəsi çərçivəsində Dövlət Baytarlıq Nəzarəti Xidmətində "Azərbaycanda bruselyoz xəstəliyinin qarşısının alınması və kökünün kəsilməsi strategiyası" mövzusuna həsr olunan seminar keçirilib, Lənkəran rayonunda isə “Xırdabuynuzlu heyvanların taununun alovlanması” mövzusunda simulyasiya çalışması keçirilib. Keçirilmiş seminarlarla yanaşı “Heyvan sağlamlığı sahəsində təhlükələrin müəyyən edilməsi və risklərin təhlili” mövzusuna da diqqət çəkilib və bu istiqamətə təlim keçirilib.

Bu kimi layihələr Avropa İttifaqının standartlarına uyğun heyvan sağlamlığının qorunması sahəsində və ərzaq təhlükəsizliyinin etbarlı təminatında böyük töhfələr verəcək. Keçirilmiş seminarlar layihənin daha yaxşı qavranılmasına və Aİ-nin yararlandığı alətlərin təcrübədən keçirilərək tətbiqinə imkan yaradacaq.

Avropa İttifaqının standartlarına uyğun heyvan sağlamlığının qorunması sahəsində və ərzaq təhlükəsizliyinin etbarlı təminatında böyük töhfələr verəcək.

Təhsildə tvininq

Tvininq aləti, həmçinin ölkənin təhsil sisteminin gücləndirilməsinə də töhfə verib. Belə ki, həyata keçirilmiş layihələrin gələcəkdə də ölkənin təhsilinin yaxşılaşdırılmasına imkan yaradacaq, bu istiqamətdə “Azərbaycanda ali təhsil sisteminin gücləndirilməsinə dəstək 2018-2020” Tvinninq layihəsi həyata keçirilib. Proqram çərçivəsində reallaşdırılan və icrasına həmin ilin aprel ayında başlanılan bu layihə Təhsil Nazirliyi, Fransa, Litva və Latviyanın təmsil olunduğu konsorsium tərəfindən həyata keçirilib. Layihə 2015-2017-ci illərdə “Ali təhsil sisteminin Avropa Ali Təhsil Məkanına inteqrasiyasının daha da gücləndirilməsi istiqamətində Azərbaycan Respublikasının Təhsil Nazirliyinə dəstək” adlı Tvinninq layihəsinin davamı olaraq aparılıb. İki il ərzində icra edilmiş layihənin əsas məqsədi Azərbaycanın ali təhsil sistemini kompetensiyalara, təlim nəticələrinə və tələbə yönümlü yanaşmaya uyğunlaşdırmaqdan ibarət olub. Bununla yanaşı, təhsil sahəsində ADA Universitetində tədris və tədqiqat potensialının gücləndirilməsinə Avropa İttifaqının dəstəyi ilə bağlı layihə keçirilib. Layihə 2017-2019-cu illəri əhatə edib. Layihənin ümumi məqsədi təşkilati infrastrukturun yaradılması, tədris, tədqiqat, təbliğat fəaliyyətləridir. Eyni zamanda, ADA Universitetində avropaşünaslıq üzrə magistr dərəcəsinin yaradılması üçün ikinci Avropa İttifaqı Qrantı çərçivəsində Kaunas Texnologiya Universiteti ilə sıx əməkdaşlıq edilib, o cümlədən qrant layihəsinin nəticələrinin davamlılığının təmin edilməsi, mövcud təhsil fəaliyyətlərinə avropaşünaslığa dair modulların daxil edilməsi, avropada bilik mərkəzlərinin (Avropa İttifaqı məsələləri üzrə) fəaliyyətində qabaqcıl təcrübələrin öyrənilməsi üçün ilk qısamüddətli ekspert missiyası və təlim səfərinin təşkili ilə bağlı hazırlıq işləri aparılıb. Təbii ki, layihə çərçivəsində yuxarıda qeyd edilmiş işlərlə yanaşı araşdırma işlərinə də önəm verilib. “Beyin mərkəzi” araşdırmaları və yüksək səviyyəli tədbirlər üçün mövzular müəyyən edilib. ADA Tədqiqat Mərkəzinin yaradılması üçün ehtiyaclar təhlil edilmiş, təlim və qrant ərizələri üçün mövzular müəyyənləşdirilib. ADA Universitetində “Blackboard” sisteminin tətbiq edilməsi və sistemin müasir təhsil və öyrənmə məqsədi üçün istifadəsinə dair yardımın göstərilməsi, universitetin əməkdaşlıq etdiyi məktəblərdə təhsilin keyfiyyətini artırmaq məqsədilə müasir pedoqoji konseptlərin təqdim olunması, Aİ Proqramlarında mövcud olan müxtəlif maliyyə mənbələrinin təqdim olunması və müzakirəsi həyata keçirilib. ADA Universitetinin əsas işçiləri ilə Avropanın (özəl) ali təhsil müəssisələrində tələbələrin işə götürülməsinə dair bilik və təcrübələrin mübadiləsi (B2C) aparılıb. Müəssisələrin insan resursları üzrə peşəkarlarının ADA Universitetində dərəcə proqramları və əlavə təlimlərinin hazırlanması və keçirilməsində iştirakının planlaşdırılması aparılıb.

Bununla yanaşı, akkredetasiya sisteminin gücləndirilməsi ( layihəyənin büdcəsi 1. 200000 avro) ilə bağlı, Azərbaycanda metrologiya sisteminin gücləndirilməsi (büdcəsi 1.200.000) kimi layihələr həyata keçirilib, transfer qiymətlərinin müəyyən edilməsi və vergidən yayınma hallarına qarşı tədbirlərin işlənib hazırlanmasında Azərbaycan Respublikası Vergilər Nazirliyinə Dəstək göstərilib.

Məhbuslara dəstək

Avropa İttifaqı və Avropa Şurasının “Azərbaycanda penitensiar islahatlara əlavə dəstək” birgə layihəsi həyata keçirilib.

Layihənin məqsədi Azərbaycanın penitensiar sistemində Avropa standartlarına müvafiq olaraq islahatlar aparılmasında, xüsusən də məhbuslar üçün (ruhi sağlamlıq da daxil olmaqla) səhiyyə xidmətlərinin yaxşılaşdırılması və cəzaçəkmə müəssisələrinin insan hüquqlarına uyğun idarə edilməsində hökümət qurumlarına kömək etməkdən ibarət olub. Layihədə məhbuslar üçün ilkin səhiyyə xidmətlərinin təmin edilməsi və tibbi məlumatların idarə edilməsinin beynəlxalq standartlara və qabaqcıl təcrübələrə daha da yaxından uyğunlaşdırılması nəzərdə tutulur. Layihədə cəzaçəkmə müəssisələrində daha geniş çeşidli qeyri-farmakoloji ruhi sağlamlıq xidmətlərinin təmin edilməsi; cəzaçəkmə müəssisələrində təhlükəsizlik, insan hüquqları və məhbusların reabilitasiyası üzrə fəaliyyət standartlarının Avropa standartlarına və qabaqcil təcrübəyə uyğunlaşdırılması yer alıb. Layihə 2017-ci ildə başlanılıb, Avropa İttifaqı və Avropa Şurasının Birgə Layihəsinin icra müddəti 20 ay olub. Layihə 30 aprel 2018-ci ildə başa çatdırılıb.

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi yuxarıda qeyd edilən sahələrlə yanaşı, digər mühüm əhəmiyyətə malik sahələrə də dəstək göstərib. Müasir təcrübənin həm idarəetmədə, həm də biznesdə tətbiqi üçün tvininq layihələrinin böyük əhəmiyyəti var. Göründüyü kimi Avropa İttifaqı genişmiqyaslı layihələrin həyata keçirilməsini maliyyələşdirib. Azərbaycanda müasir idarəetmənin tətbiqindən, beynəlxalq təcrübənin maarifləndirmə biznes bacaraqlarının inkişaf etdirilməsi kimi məsələlərdə layihələri effektivdir.

Yazı Avropa İttifaqı Azərbaycan: “Əməkdaşlığın Üfüqləri” müsabiqəsinə təqdim edilir.

Son xəbərlər

Orphus sistemi