Yuxarı

Aİ-nın kənd təsərrüfatı üzrə biznes missiyası Lənkərana səfər edib

Aİ-nın kənd təsərrüfatı üzrə biznes missiyası Lənkərana səfər edib

Mayın 14-də Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyi Lənkəran şəhərinə kənd təsərrüfatı üzrə biznes missiyası təşkil edib. 

"Report"a daxil olan məlumata görə, missiya Aİ ölkələrinin şirkətlərinin  nümayəndələrindən və diplomatik nümayəndəliklərin təmsilçilərindən ibarət olub. 

Biznes səfərinin əsas məqsədi regionda investisiya imkanlarını araşdırmaq, o cümlədən sektorda hazırkı inkişaf istiqamətləri barədə məlumat əldə etmək olub.

Biznes səfəri çərçivəsində yerli dövlət qurumları, Dövlət Aqrar İnkişaf Mərkəzi (DAİM) və bir sıra aparıcı aqrobiznes şirkətləri ilə görüşlər keçirilib. Lənkəran Dövlət Aqrar İnkişaf Mərkəzində keçirilən ilkin görüşdə Lənkəranda kənd təsərrüfatı sektoruna dair təqdimat keçirilib və iştirakçılara elektron xidmətlər və innovativ texnologiyalar barədə məlumat verilib. Daha sonra İqtisadiyyat Nazirliyinin Lənkəran Regional Bölməsinin rəhbəri cənab Çingiz Əhmədovun iştirakı ilə bölgənin iqtisadi vəziyyətinə baxış keçirilib. O cümlədən, səfər çərçivəsində Astara Çay MMC şirkəti ilə görüş təşkil edilib. Görüş zamanı iştirakçılar şirkətin ümumi fəaliyyəti barədə məlumatlandırılıb, çay emalı və qablaşdırma zavoduna ekskursiya təşkil olunub və əməkdaşlıq imkanları müzakirə olunub. Biznes Missiyasına həmçinin, Gilan Aqro Sitrus, Lənkəran Konserv zavodu və Lənkəran Çay Fabriki ilə görüşlər daxil olub.

Biznes Missiyasında iştirak edən Aİ Nümayəndəliyinin təmsilçisi cənab Rainer Freund bildirib: "Aİ-nin yardımı ilə daha da dəstəklənə biləcək inkişaf imkanlarını və aqrobiznes sahəsində fəaliyyət göstərən Aİ şirkətlərinin marağı çərçivəsində olan xüsusi investisiya imkanlarını araşdırmaqdan məmnunluq duyuruq. Lənkəran iqtisadi regionu qarşıdan gələn “Azərbaycanda Lənkəran regionu üçün Aİ” fəaliyyət proqramının əsas mövzusunu təşkil edir. Proqram digər tədbirlər ilə yanaşı, tətbiqi kənd təsərrüfatı üzrə tədqiqatların inkişafı və sektorda fəaliyyət göstərən bazar iştirakçılarının əməkdaşlıq təşəbbüslərinin təşviqi vasitəsilə meyvə və tərəvəz sektorunun rəqabət qabiliyyətini artıraraq regionun iqtisadi potensialını gücləndirməyi hədəfləyir.

Aİ biznes missiyası 13 iyun 2019-cu il tarixində Bakıda keçiriləcək Aİ-Azərbaycan Biznes Forumuna dəstək layihəsinin bir hissəsidir. Bu layihəni Aİ maliyyələşdirir və Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) həyata keçirir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi