ABŞ səfiri "CEO Lunch Baku"da iştirak edib

ABŞ səfiri "CEO Lunch Baku"da iştirak edib Bakı. 21 dekabr. REPORT.AZ/ “Caspian American Club” və “Caspian European Club” Azərbaycan-Amerika münasibətlərinə həsr olunmuş IX “CEO Lunch Baku” keçiriblər.
Biznes
21 Dekabr , 2017 12:35
ABŞ səfiri CEO Lunch Bakuda iştirak edib

Bakı. 21 dekabr. REPORT.AZ/ “Caspian American Club” və “Caspian European Club” Azərbaycan-Amerika münasibətlərinə həsr olunmuş IX “CEO Lunch Baku” keçiriblər.

“Report” xəbər verir ki, tədbirdə fəxri qonaq qismində ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta iştirak edib. Forumda çıxış edən səfir ikitərəfli əlaqələrdə Azərbaycan və ABŞ-ın qazandığı uğurları qeyd edərək, əlverişli investisiya və işgüzar mühitinin saxlanılması üçün vacib olan qanunun aliliyi və digər məsələlər üzrə bundan sonrakı əməkdaşlığın zəruriliyini vurğulayıb.

“Caspian European Club” və “Caspian American Club”un sədrinin birinci müavini Telman Əliyev bir neçə gündən sonra “Caspian American Club”un yubileyinin keçiriləcəyini qeyd edib: "Caspian American Club"un təsis olunduğu ilk gündən böyük sayda məktublar aldıq. Həmin ilk məktublardan birini məhz Robert Sekuta yollayıb və layihənin həyata keçirilməsində uğurlar arzulayıb”. T. Əliyev əlavə edib ki, “Caspian American Club”un İdarə Heyətinin üzvləri iki illik seçilir.

“Caspian European Club”un baş icraçı direktoru Mustafa Abbasbəyli qonaqları 2018-ci il aprelin 12-də Gürcüstan və Azərbaycan hökumətlərinin dəstəyilə keçiriləcək V Beynəlxalq “Caspian Energy Forum Tbilisi”də iştirak etməyə dəvət edib. “Caspian Energy Forum Tbilisi”nin açılışında Gürcüstanın baş naziri Georgi Kvirikaşvili və hökumətin iqtisadi blokunu təmsil edən bütün üzvlərin iştirakı planlaşdırılır. Forumun təşkilatçısı “Caspian Energy Georgia” şirkətidir.

Onun sözlərinə görə, "CEO Lunch" formatında tədbir ayda iki dəfə - hər ayın üçüncü çərşənbə günü Bakıda və hər ayın sonuncu cümə günü Tbilisidə təşkil olunur.

Tədbirdə həmçinin Klubun İdarə Heyətinin yeni seçilmiş digər üzvləri də çıxış ediblər. Onların hər biri öz komitəsinin fəaliyyəti və komitələr çərçivəsində gələcək planlar barədə məlumat verib.

Tədbirin sonunda ABŞ-ın Azərbaycandakı səfirinə “Caspian American Club”un ilk fəxri üzvlük sertifikatı təqdim olunub. Həmçinin, “Caspian European Club” və “Caspian American Club”a üzv olan və iştirakını davam etdirən şirkətlərə sertifikatlar verilib.

Son xəbərlər

Orphus sistemi