Yuxarı

​ABŞ nümayəndə heyəti Vergilər Nazirliyində olub

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb

Bakı. 19 noyabr. REPORT.AZ/ Bu gün Vergilər Nazirliyində Amerika-Azərbaycan Ticarət Palatasının təşəbbüsü ilə ölkəmizdə səfərdə olan ABŞ Ticarət Departamentinin və bu ölkəni təmsil edən şirkətlərin nümayəndələrinin ticarət missiyasının rəhbəri, ABŞ ticarət katibinin Avropa, Orta Şərq və Afrika regionu üzrə köməkçisinin müavini Maykl Lalli ilə görüş keçirilib.

Bu barədə "Report"a nazirliyin Analitik-informasiya şöbəsindən məlumat verilib.

Vergilər nazirinin birinci müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Natiq Əmirov qonaqları salamlayaraq, ölkənin vergi sistemində aparılan islahatlar və bu sahədə əldə olunan uğurlar haqqında məlumat vermiş, Amerika-Azərbaycan Ticarət Palatası və digər ictimai təşkilatlar ilə mütəmadi olaraq keçirilən işgüzar görüşlərin əhəmiyyətindən danışıb. Vurğulanıb ki, Azərbaycanda həyata keçirilən vergi siyasəti ölkədə biznes mühitinin təkmilləşdirilməsinə yardım edir. Vergilər Nazirliyi bu mühitin daha da yaxşılaşdırılması istiqamətində ictimai təşkilatlarla müxtəlif müzakirələrin keçirilməsinə böyük önəm verir. Vergi inzibatçılığının təkmilləşdirilməsi, vergi dərəcələrinin optimallaşdırılması məqsədilə qanun layihələri hazırlanarkən ölkədə fəaliyyət göstərən yerli və xarici biznes strukturlarının, onların ictimai təşkilatlarının rəyləri nəzərə alınır.

Maykl Lalli Azərbaycanda olmasından məmnunluğunu ifadə edərək səmimi qəbula görə minnətdarlığını bildirib. Qonaq Azərbaycanda vergi sisteminin təkmilləşdirilməsi istiqamətində texniki imkanların genişləndirilməsi, vergi sistemi və inzibatçılığının rəqabət qabiliyyətliliyinin təmin edilməsi, iqtisadiyyatın strukturunun formalaşması, innovasiyaların dəstəklənməsi siyasətində vergilərin stimullaşdırıcı rolunun artırılması ilə bağlı Vergilər Nazirliyinin həyata keçirdiyi tədbirləri yüksək qiymətləndirib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi