Azərbaycanın aparıcı taksi sifarişi servislərindən biri “Yango Azerbaijan” “Unibank” ASC ilə strateji tərəfdaşlığa başlanğını elan edib. Bu əməkdaşlıq çərçivəsində “Yango”nun Bakıda fəaliyyət göstərən dörd tərəfdaş taksi parkında 500 yeni hibrid avtomobil istifadəyə veriləcək. Sürücülər artıq 2024-cü ilin sonuna qədər bu avtomobillərlə sifarişləri yerinə yetirməyə başlayacaqlar.
Taksi parkları bu avtomobilləri “Unibank”in güzəştli kredit şərtləri ilə əldə edə biləcəklər, “Yango Azerbaijan” isə zamin kimi çıxış edəcək. “Yango” tərəfdaşlarının “BYD Qin Plus” modelinin yeni avtomobillərini alacağı planlaşdırılır.
“Yango” və “Unibank” arasında əməkdaşlığın əsas məqsədi Bakıda taksi xidmətini daha təhlükəsiz və rahat etməkdir. Hibrid avtomobillərin sayının artması isə müştərilərə həm də ekoloji təmiz xidmət göstərməyə imkan verir.
"Bu təşəbbüs Bakıdakı tərəfdaşlarımızın avtomobil parkının yenilənməsi üzrə uzunmüddətli proqramımızın tərkib hissəsidir. Daha əvvəl biz onlara 1000-dən çox yeni avtomobil almağa kömək etmişik ki, bu da şəhərdə taksi xidmətinin səviyyəsini əhəmiyyətli dərəcədə yüksəltməyə imkan verib. Növbəti hədəfimiz 2024-2025-ci illər ərzində tərəfdaşlarımıza 4000-dən çox yeni avtomobil almaqda kömək etməkdir", - “Yango Azerbaijan”ın baş direktoru Müşviq Həsənov bildirib.
"Böyük məmnunluq hissi ilə bildirmək istəyirəm ki, Bankımız iqlim dəyişmələrinin təsirlərinin yumşaldılmasına yönəlmiş növbəti ekoloji layihəni maliyyələşdirir. Kreditləşmə “yaşıl layihələr” təsnifatına uyğun olan hibrid avtomobillərin alınması üçün həyata keçirilir. Qeyd edim ki, “yaşıl nəqliyyat” beynəlxalq standartlara uyğun işlənib hazırlanmış dayanıqlı maliyyə strategiyamıza əsasən iqtisadiyyatın “yaşıl” sektoru kimi nəzərdən keçirilir. Bundan əlavə, hibrid avtomobillərin alınmasına maliyyə vəsaitinin ayrılması istilik effekti yaradan qaz emissiyalarının azaldılması üzrə Azərbaycanın Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr sənədinə uyğun olaraq ekoloji təmiz nəqliyyat növlərinə keçidi dəstəkləyir", - “Unibank”ın İdarə Heyətinin sədri Fərid Abuşov bildirib.
"İnanırıq ki, Bankımızın həyata keçirdiyi “yaşıl kreditləşmə” ölkəmizdə dayanıqlı maliyyə axınlarının formalaşmasına da töhfə verəcək. Bu təşəbbüs dayanıqlı maliyyələşdirmə və ESG prinsiplərinin bankın fəaliyyətinə və göstərdiyi xidmətlərə inteqrasiyasının növbəti nümunəsidir", - o əlavə edib.