Azərbaycanın digər regionlarında olduğu kimi, Naxçıvan Muxtar Respublikasında (MR) da təndir sənətkarlığı və çörəkbişirmə ənənəsi həssaslıqla qorunur.
“Report”un yerli bürosunun məlumatına görə, çörəkbişirmə sahəsində də müasir texnoloji nailiyyətlərin tətbiq olunmasına baxmayaraq, çörəkbişirmədə mövcud olan ənənəvi üsullara tələbat qətiyyən azalmır.
Qədim tarixə malik təndir sənətkarlığı və çörəkbişirmə ənənəsi Naxçıvanda da geniş yayılıb. Muxtar respublikanın ayrı-ayrı bölgələrində təndirsalma və çörəkbişirmə ənənələri indi də diqqətlə qorunaraq davam etdirilir.
Azərbaycan xalqının rasionunda xüsusi yer tutan və bərəkət rəmzi sayılan çörəyin keyfiyyətli bişirilməsində təndirlərin zəruri tələblərə cavab verməsi mühüm şərtdir. O baxımdan, Naxçıvanda da təndir ustaları həmişə sayılıb-seçilən peşə sahiblərindən olub.
Bu çətin və maraqlı sənəti yaşadanlardan biri olan Culfa rayonunun Yayıcı kənd sakini Sevda Kərimova "Report"un yerli bürosunun əməkdaşı ilə söhbətdə artıq 10 ildir təndir işi ilə məşğul olduğunu deyib:
“Müxtəlif ölçülərdə təndir düzəldirəm. Təndirlərin ölçüsündən asılı olaraq onların satış qiyməti 50-80 manat arasında dəyişir. Düzəltdiyim təndirlərə Naxçıvanın bütün bölgələrində tələbat var. Sifariş verirlər, biz də düzəldib göndəririk. Anam da vaxtilə təndirqoyan olub, bu işi ondan görüb-götürmüşəm”.
Xanım sənətkarın sözlərinə görə, təndirin keyfiyyətli alınması üçün onun düzəldilməsinə uyğun hava şəraitində başlamaq lazımdır:
“Havanın nə isti, nə də soyuq olmasına diqqət edilməlidir. Ona görə də əsasən yaz və payız aylarında iş daha çox olur. Təndirin düzəldilməsi üçün xüsusi torpaqdan istifadə edilir. Torpağı gətirib isladır, qəzilləyir, sonra da ayaqlayıb badlar hörürük. Gündə bir bad hörürük. İsti havalarda bəzən bir günə iki bad hörə bilirik.
Hazır təndiri ilk dəfə gərmə ilə qalayıb ağardanda gözəl olur. Çünki gərmə vam yanır. Odunla qalansa, vurub təndiri partladar. Bu səbəbdən təndiri ilk dəfə gərmə ilə qalayıb ağartmaq lazımdır. Sonra kim nə ilə istəsə, qalaya bilər”.
Yayıcı kəndinin digər sakini, 15 ildir təndir düzəldən Məhəmməd İmanov öz işindən zövq alan sənətkarlardandır. Azərbaycanın bölgələrindən başqa, Ukrayna, Rusiya, hətta Finlandiyaya təndir göndərən usta deyir ki, çətin olsa da, çox maraqlı işdir: “Biləndə ki, sənin düzəltdiyin təndirdə dadlı-tamlı nemətlər bişirilir, adam daha da həvəslənir”.
Xatırladaq ki, Paraqvayın paytaxtı Asunson şəhərində keçirilən UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 19-cu sessiyasında “Azərbaycanda təndir sənətkarlığı və çörəkbişirmə” üsulu UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.