Özəl sektor və vətəndaş cəmiyyəti institutları Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın iclaslarında fəal iştirak edirlər, onların təkliflərinin emal edilməsi çox önəmlidir.
"Report" xəbər verir ki, bunu Komissiyanın katibliyinin rəhbəri Vüsal Şıxəliyev bu gün Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində keçirilən azranking.az internet portalının funksional imkanları və innovativ alətləri ilə bağlı təqdimat mərasimində deyib.
O vurğulayıb ki, özəl sektorla sıx əməkdaşlıq edilir.
V. Şıxəliyev Komissiya ilə bağlı məlumat verərkən, bildirib ki: "Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən davamlı iqtisadi islahatlar iqtisadiyyatın şaxələndirilməsi, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması, sahibkarlığa dövlət dəstəyi və milli iqtisadiyyatın rəqabətqabiliyyətliyinin artırılması yolu ilə iqtisadiyyatda dayanıqlı və sürətli inkişafa nail olunmasına istiqamətlənib. Aparılan islahatların davamı olaraq Prezidentin 2016-cı il 13 iyul tarixli 2199 nömrəli Sərəncamı ilə Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya yaradılıb, 27 avqust 2018-ci il tarixli 431 nömrəli Prezident Sərəncamı ilə “Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya haqqında Əsasnamə” təsdiq edilib.
Komissiyanın yaradılmasında məqsəd sahibkarlıq fəaliyyətinin optimal gəlirliliyini təmin edəcək və rəqabət prinsiplərinə əsaslanacaq biznes mühiti yaratmaq, ölkənin investisiya cəlbediciliyini artırmaq, beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyini daha da yaxşılaşdırmaq üçün qanunvericiliyin və inzibatçılığın təkmilləşdirilməsi və bu istiqamətdə digər zəruri tədbirlərin görülməsinə nail olmaqdır. Komissiya tərəfindən öz vəzifələrinin icrası məqsədilə aidiyyəti dövlət orqanlarının və qurumlarının, publik hüquqi şəxslərin, qeyri-hökumət təşkilatlarının nümayəndələrindən, müəssisə və təşkilatların mütəxəssislərindən və müstəqil ekspertlərdən ibarət olmaqla 31 işçi qrupu yaradılıb. İşçi Qrupları biznes mühitini müntəzəm olaraq təhlil edirlər, bu zaman beynəlxalq reytinqlər bençmarklar kimi istifadə olunur. Problem analiz edildikdə sonra işçi qruplarında həllər müzakirə olunur. Bu proses özəl sektor, biznes assosiasiyaları və QHT-lərlə müzakirə edilir. Aidiyyəti qurum təklifləri rəsmiləşdirdikdən sonra iqtisadi təşəbbüslərin tətbiqini təmin edir. Aidiyyəti işçi qrup planlama və monitorinq həyata keçirərək hədəfə nail olunma səviyyəsini qiymətləndirir".
O vurğulayıb ki, 2023-cü il ərzində Komissiya çərçivəsində bir sıra iqtisadi təşəbbüslər irəli sürülüb, islahat layihələri hazırlanaraq aidiyyəti qaydada təsdiq edilib: “Bununla yanaşı, müvafiq dövlət qurumlarının rəhbərliyi altında 30-dan çox normativ hüquqi aktın layihəsi hazırlanaraq aidiyyəti üzrə təqdim edilib. Həmçinin, sahibkarlıq subyektlərinin inzibatçılıq yükünün azaldılması və fəaliyyətlərinin səmərəliliyinin artırılmasına xidmət edən digər təkmilləşdirmə tədbirləri həyata keçirilib".