Vergilər Nazirliyi 4 mindən artıq vergi ödəyicisi ilə görüş keçirib

Vergilər Nazirliyi 4 mindən artıq vergi ödəyicisi ilə görüş keçirib Sahibkarlara vergi qanunvericiliyindəki dəyişikliklər izah olunub
Biznes
27 Yanvar , 2017 11:39
Vergilər Nazirliyi 4 mindən artıq vergi ödəyicisi ilə görüş keçirib

Bakı. 27 yanvar. REPORT.AZ/ Vergilər Nazirliyi bu ilin əvvəlindən qüvvəyə minən “Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” və “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” Qanunların şərh edilməsi, həmçinin vergi qanunvericiliyində baş vermiş dəyişikliklərin sahibkarlara və iş adamlarına bilavasitə çatdırılması məqsədilə həm Bakı şəhərində, həm də regionlarda, fəaliyyət göstərən vergi ödəyiciləri ilə silsilə görüşlər keçirir. 

"Report" xəbər verir ki, bu barədə nazirliyin açıqlamasında bildirilir. 

Məlumatda deyilir ki, indiyədək Bakıda və respublikanın digər bölgələrində ümumilikdə 4000-dək vergi ödəyici görüşlərdə iştirak ediblər.

Bakı şəhərində VN-nin rəhbər vəzifəli şəxslərinin iştirakı ilə keçirilən görüşlərə Kiçik Sahibkarlıqla iş Departamentində 700-ə qədə kiçik sahibkarlıq, Lokal Gəlirlər Departamentində 550-dən çox orta sahibkarlıq, Milli Gəlirlər Departamentində isə 600-ə qədəiri sahibkarlıq subyektlərini təmsil edən müxtəlif kateqoriyalı vergi ödəyiciləri qatılıb. Qanunvericilkdə baş vermiş dəyişiklərin vergi ödəyicilərinə daha ətraflı izah edilməsi məqsədilə görüşlər müxtəlif fəaliyyət sahəsi üzrə məşğul olan biznes subyektləri ilə qrup halında keçirilib. Görüşlərdə iri vergi ödəyiciləri, ictimai iaşə, pərakəndə ticarət, mebel mağazaları, mobil rabitə obyektləri, aksizli mallar, tikinti materialların satışı ilə məşğul olan vergi ödəyiciləri, həmçinin mənzil-tikinti kooperativləri, istehsalçı şirkətlər, topdan satışla, eləcə də alkoqollu məhsulların istehsalı və satışı, iri bazarlar və şəbəkə supermarketlər, şadlıq sarayları, mebel mağazaları, özəl tibbi xidmət, lizinq və sığorta şirkətləri və s. kateqoriyadan olan vergi ödəyiciləri iştirak ediblər.

Keçirilən görüşlərdə bildirilib ki, Prezidentİlham Əliyevin rəhbərliyi altında sahibkarlığın inkişafının dəstəklənməsi, özəl sektorun fəaliyyətinin genişləndirilməsi, iqtisadiyyata investisiya qoyuluşlarının stimullaşdırılması istiqamətində həyata keçirilən iqtisadi siyasətin tərkib hissəsi olaraq, vergi sistemində də geniş islahatlar aparılır. Qeyd olunub ki, dəyişikliklərin əsas məqsədi ölkədə sahibkarlığın və investisiyaların təşviqi, sahibkarlığın, xüsusilə də kiçik və orta biznesin inkişafına daha əlverişli şəraitin yaradılması, vergi yükünün azaldılması, sahibkarların hüquqlarının daha etibarlı qorunması, vergi orqanları və sahibkarlıq subyektləri arasında qarşılıqlı etimadın səviyyəsinin yüksəldilməsi, nağdsız əməliyyatların həcminin artırılması, şəffaf vergi uçotunun qurulmasıdır.

Görüşlərdə sahibkarlara Vergi Məcəlləsinə edilmiş dəyişikliklərin mahiyyəti, qanunvericilikdə əksini tapan yeni anlayışlar, yeni vergi bəyannamə və hesabat formaları barədə məlumat və izahatlar verilib .

Bundan əlavə, “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” qanunun tətbiqi ilə əlaqədar vergi ödəyiciləri ilə görüşlər keçirilir və onlara qanunun müddəaları ətrafli izah edilir. Bakı şəhəri Kiçik Sahibkarlıqla iş Departamentində 164 borclu vergi ödəyicisi ilə bu məsələ ilə bağlı görüş keçirilib. Görüşdə bu qanunun sahibkarların maliyyə vəziyyətinin sağlamlaşdırılmasına, onların sərəncamında əlavə vəsaitlərin qalmasına, sahibkarlığın inkişafının stimullaşdırılmasına və daha əlverişli biznes mühitinin formalaşdırılmasına xidmət etdiyi vurğulanıb. Vergi orqanının rəhbər vəzifəli şəxsləri sahibkarları bu qanunun yaratdığı imkanlardan maksimum yararlanmağa çağırıblar.

Qeyd edilməldir ki, Bakı şəhəri Kiçik Sahibkarlıqla iş Departamenti tərəfindən qeyd olunan qanunun tətbiqi ilə bağlı 190 vergi ödəyicisinə ünvanlı (səyyar) vergi xidmətinin keçirilməsi də təmin edilib.

Vergi ödəyiciləri ilə görüşlər qarşıdakı həftə də davam etdiriləcəkdir.

Son xəbərlər

Orphus sistemi