Türkiyə şirkəti Azərbaycan və Gürcüstanda fəaliyyət göstərmək niyyətindədir
- 20 dekabr, 2021
- 14:20
Yeniliklərdən dərhal xəbərdar olun!
"Türkiyənin “CSK Technology” şirkəti Azərbaycan və Gürcüstan şirkətlərilə əməkdaşlıq qurmaqla bağlı işgüzar görüşlər keçirməyi nəzərdə tutur".
Bunu “Report”a şirkətin sahibi Kənan Aydın bildirib.
“CSK Türkiyə Xarici İqtisadi Əlaqələr Komitəsinin (DEIK) üzvüdür. Mən də şirkətin sahibi olaraq DEIK – Azərbaycan İşgüzar Şurasının üzvüyəm” – deyən iş adamı bu yaxınlarda Azərbaycan – Türkiyə – Gürcüstan İşgüzar Forumu çərçivəsində faydalı görüşlər keçirərək işgüzar planlarını razılaşdırdıqlarını qeyd edib.
Azərbaycanın Türkiyə üçün çox əhəmiyyətli ölkə olduğunu dilə gətirən türkiyəli iş adamı iki ölkədə sahibkarlıq fəaliyyəti tərzində də müəyyən oxşarlıq olduğunu deyib: “Ölkələrimizin liderləri arasındakı sıx münasibətlər biz iş adamları üçün də əlavə imkanlar açır”.
Azərbaycan – Türkiyə - Gürcüstan işgüzar forumunun nəticələrini şərh edən K.Aydın bu kimi birgə tədbirlərin pandemiya üzündən dayandırılmasının həm iş həyatında, həm də sosial sahədə fəsadlar yaratdığını dilə gətirib.
Qeyd edək ki, 2019-cu ildə təsis edilmiş “CSK Technology” şirkəti müdafiə sənayesi üçün yüksək texnologiyalarla təchiz edilmiş bina və tikililər inşasında ixtisaslaşıb.