"Troni İnvestisiya Şirkəti"nə yeni direktor təyin olunub
- 29 dekabr, 2024
- 10:33
Yeniliklərdən dərhal xəbərdar olun!
"Troni İnvestisiya Şirkəti" QSC-nin direktoru Teymur Cəfərov vəzifəsindən azad edilərək maliyyə qurumunun Müşahidə Şurasının sədri təyin olunub.
"Report" xəbər verir ki, o, bu vəzifədə investisiya şirkətinin yeganə səhmdarı Siyavuş Səfiyevi əvəz edib.
Direktor vəzifəsinə isə Elmidar Şirinzadə gətirilib. O, indiyə qədər direktor müavini vəzifəsində çalışıb, bundan əvvəl isə - 2024-cü ilin aprel-sentyabr aylarında "Troni"nin Korporativ Satış Şöbəsinin müdiri, 2023-cü ilin mart ayından 2024-cü ilin aprel ayına qədər isə "Unicapital İnvestisiya Şirkəti" ASC-nin Anderraytinq şöbəsinin müdiri kimi fəaliyyət göstərib.
Xatırladaq ki, “Troni" 2021-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 931,2 min manatdır. İnvestisiya şirkəti Azərbaycan Mərkəzi Bankının verdiyi IS-08 nömrəli lisenziya əsasında fəaliyyət göstərir.