“The Ritz-Carlton Residences, Baku” bu gün rəsmi olaraq qapılarını açdı və məşhur “Ritz-Carlton” brendini ilk dəfə Azərbaycana təqdim etdi. Möhtəşəm açılış mərasimində PAŞA Real Estate Qrup və “Marriott International” şirkətlərinin yüksək rəhbər heyəti nüfuzlu qonaqlar iştirak etdilər.
Bakının mərkəzində yerləşən “The Ritz-Carlton Residences, Baku” lüks həyat tərzinə yeni bir yanaşma təqdim edir. Bu unikal layihə, müasir dəbdəbəni incə zövqlə birləşdirərək, şəhərin möhtəşəm panoramasını, Zaha Hadidin dizayn etdiyi Heydər Əliyev Mərkəzini və Xəzər dənizinin füsunkar mənzərəsini əks etdirən xüsusi konsepsiyası ilə fərqlənir.
Bu eksklüziv layihə, yalnız bir binadan ibarət olub, 79 premium mənzili özündə cəmləyir və prestijə, həmçinin şəxsi məxfiliyə dəyər verənlər üçün mükəmməl yaşayış təcrübəsi təqdim edir.
Geniş yaşayış sahəsi, zərif interyer dizaynı və möhtəşəm mənzərələri ilə seçilən mənzillərin sakinləri həm də tanınmış “The Ritz-Carlton” xidmətlərindən istifadə imkanı əldə edirlər.
Layihə, həmçinin dünya standartlarına uyğun müasir idman zalı, qapalı üzgüçülük hovuzu, istirahət və əyləncə üçün nəzərdə tutulmuş sosial məkanlar kimi üstünlükləri ilə fərqlənir.
“The Ritz-Carlton Residences” layihəsi, PAŞA Real Estate Qrup və dünyaca məşhur dizayn və tikinti tərəfdaşlarının birgə əməkdaşlığı ilə həyata keçirilib. Mənzillərdən layihə daxilindəki digər bütün məkanlara qədər hər biri, məşhur Kristina Zanić Consultants dizayn studiyası tərəfindən yaradılmış və Azərbaycana xas zərif elementlərlə zənginləşdirilmişdir. Layihənin hər bir aspekti “Ritz-Carlton” brendinin qızıl standartlarına tam uyğunlaşdırılmışdır.
PAŞA Real Estate Qrup-un Maliyyə Direktoru Levent Kirazoğlu layihənin əhəmiyyətini belə vurğulayıb: “PASHA Real Estate Qrup olaraq, Azərbaycanda daşınmaz əmlak sektorunda qlobal mükəmməllik nümunələrini tətbiq edərək yeni standartlar müəyyənləşdirməyə çalışırıq. “The Ritz-Carlton Residences, Baku” bunun bariz nümunəsidir. Dünyanın tanınmış şirkətləri ilə əməkdaşlıq edərək, biz yalnız premium mənzillər deyil, həm də xüsusi bir həyat tərzi təklif edirik. Bu layihə, müasir dövrün komfortlu həyat tələblərinə cavab verən və ən yüksək xidmət standartlarını təmin edən bir yaşayış konsepsiyasıdır. Açarların təhvili mərhələsinə başladığımız bu dövrdə, sakinlərimizə yalnız mənzil təqdim etmirik, eyni zamanda üstün keyfiyyətin standart halına gəldiyi bir həyat tərzinin qapılarını açırıq.”
“Marriott International”ın Avropa, Yaxın Şərq, Afrika və Karib regionu üzrə Yaşayış Komplekslərinin İdarəedilməsi üzrə Vitse-Prezidenti Alicia Koenig isə layihə ilə bağlı fikirlərini bölüşərək qeyd edib: “ “The Ritz-Carlton Residences, Baku”nun açılışı, əsası hotel sənayesinin əfsanəsi olan Cezar Ritz tərəfindən qoyulmuş Ritz-Carlton brendinin yüzillik tarixində yeni bir mərhələnin başlanğıcıdır. “The Ritz-Carlton Residences, Baku”nun idarə edilməsi bizə, bu nüfuzlu brendin hər bir qonağına göstərdiyi xüsusi diqqət və xidmət mükəmməlliyini sakinlərə də təqdim etmək üçün bənzərsiz bir fürsət yaradır.”
Açılış mərasimindən sonra PAŞA Real Estate Qrup, bu mühüm layihəyə həyat verərək mənzilləri sahiblərinə təhvil verməyə başlayacaq. Bakı şəhərinin mərkəzində, Zaha Hadid tərəfindən layihələndirilmiş Heydər Əliyev Mərkəzindən yalnız 5 dəqiqəlik piyada məsafədə yerləşən “The Ritz-Carlton Residences, Baku”, şəhərin əsas məkanlarına yaxınlığı ilə seçilir. Azadlıq Meydanı (3 km), Bakı Dəmir Yolu Stansiyası (3.7 km) və Fəvvarələr Meydanı (3.7 km) qısa məsafədədir, Heydər Əliyev Beynəlxalq Hava Limanına isə (22 km) rahat şəkildə çatmaq mümkündür.
Qeyd
“The Ritz-Carlton Residences, Baku” layihəsi “The Ritz-Carlton Hotel Company, L.L.C.” və ya onun törəmə şirkətlərinə ("Ritz-Carlton") məxsus deyil, onlar tərəfindən inkişaf etdirilmir və ya satılmır. “Yelken Operating Company MMC”, The Ritz-Carlton əmtəə nişanlarını Ritz-Carlton tərəfindən verilən lisenziya əsasında istifadə edir və bu sənəddəki bəyanatların və ya təqdimatların dəqiqliyini Ritz-Carlton təsdiq etməmişdir.
PAŞA Real Estate Qrup haqqında
PAŞA Real Estate Qrup, daşınmaz əmlakın investisiyası, inkişafı, strateji idarəçiliyi və istismarı üzrə ixtisaslaşmışdır. Azərbaycan, Türkiyə, Gürcüstan, Özbəkistan və Monteneqronun müxtəlif bölgələrində fəaliyyət göstərən qrup lüks hotellər, dünya səviyyəli kurortlar, ticarət obyektləri, premium yaşayış layihələri və qarışıq tipli layihələr daxil olmaqla geniş portfelə malikdir. Keyfiyyət, dürüstlük və müştəri məmnuniyyətinə sadiq qalan PAŞA Real Estate Qrup, sənaye standartlarını yenidən müəyyənləşdirmək və qlobal miqyasda aktivlərinin dəyərini artırmaq məqsədi ilə fəaliyyət göstərməkdədir.