Soso Nibladze: "Hualing” SSZ-də Azərbaycan-Türkiyə-Gürcüstan əməkdaşlığı üçün geniş imkanlar var"
- 14 dekabr, 2021
- 13:51
Yeniliklərdən dərhal xəbərdar olun!
Kutaisi şəhərində yerləşən “Hualing” sərbəst sənaye zonasında Azərbaycan, Türkiyə və Gürcüstan arasındakı intensiv əməkdaşlıq üçün imkanlar genişdir.
Bunu “Report”a “Hualing” zonasınn Baş direktoru Soso Nibladze bildirib.
“Gürcüstan Azərbaycanla Türkiyə arasında yerləşdiyi üçün bir çox şirkətlər bu zonada öz istehsal sahələrini və emalatxanalarını yerləşdirirlər, məhsullarını saxlamaq, habelə isteksal edib satmaq üçün bu sərbəst zonadan yararlanırlar”, – deyən Baş direktor bunun Azərbaycan və Türkiyə iş adamları üçün distribyutorluq, logistika və istehsalat üçün əlverişli mərkəz olduğunu dilə gətirib.
Onun fikrincə, sərbəst zonanın vəzifəsi iş adamları üçün məsrəfləri azaltmaqla ticarəti genişləndirmək üçün müvafiq platforma yaratmaqdır. Həmin sərbəst zonalarda qeydiyyatdan keçən şirkətlər istehsalat və emal, həmçinin ixrac əməliyyatlarını vergi ödəmədən həyata keçirə bilər.
“Məsələn, Azərbaycana mal göndərən Türkiyə şirkətləri sərbəst zonada öz istehsalını artırmaqla vergi və hüquqi məsrəflərdən azad olaraq əməliyyat xərclərini azaldıb, istehsal etdikləri məhsulları Azərbaycana və ya hər hansı başqa ölkəyə ixrac edə bilərlər”, – deyə “Hualing”in rəhbəri vurğulayıb.