Bakı. 13 aprel. REPORT.AZ/ "Rusiya və Azərbaycan kənd təsərrüfatı və qida kimi ənənəvi sahələrdə ticarət əlaqələri olan ənənəvi tərəfdaşlardır".
"Report" xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı Ticarət Nümayəndəliyinin rəhbəri Eldar Tlyabiçev "Qazprombank"ın Bakıda təşkil etdiyi biznes missiyada çıxışı zamanı deyib.
"Hazırda ölkələrimiz arasında əməkdaşlığın yeni sahələrinin axtarışı üzrə fəal proses gedir", - deyə E.Tlyabiçev bildirib.
Onun sözlərinə görə, ötən il ölkələrimiz arasında ticarət dövriyyəsi 2 milyard dollar təşkil edib və bu rəqəm 2014-cü ildə qeydə alınan ən yüksək göstəricidən aşağıdır.
"Ölkələrimizin iqtisadiyyatı böhrandan sonra artıq vəziyyətə adaptasiya olunub. İnvestisiya mühiti də daxil olmaqla müəyyən canlanma hiss olunur. 25 il ərzində ölkələr arasında təxminən 30 iqtisadi-ticari müqavilələr imzalanıb. Ümumiyyətlə, Rusiya Azərbaycanla fəal iqtisadi dialoqda maraqlıdır", - Rusiyanın ticarət nümayəndəsi vurğulayıb.
"Bu il diplomatik əlaqələrimizdə yubileydir. Bu tarixə qarşılıqlı, faydalı və konstruktiv münasibətlər qurmaq üçün möhkəm təməl ilə gəlmişik", - o əlavə edib.