Rusiyanın Altay diyarının nümayəndə heyəti Azərbaycana gəlib

Biznes
  • 14 may, 2018
  • 06:29
Rusiyanın Altay diyarının nümayəndə heyəti Azərbaycana gəlib
Report

Bakı. 14 may. REPORT.AZ/ Rusiyanın Altay diyarının nümayəndə heyəti Azərbaycana gəlib.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, səfər Altay diyarının qubernatoru Aleksandr Karlinin tapşırığı əsasında təşkil edilib.

Hökumət orqanlarının və işgüzar dairələrin nümayəndələrindən ibarət qrupa Altay diyarının hökumətinin sədr müavini Viktor Meşeryakov rəhbərlik edir.

Səfər çərçivəsində Altay diyarının nümayəndə heyətinin iştirakçıları Azərbaycanın sahə nazirliklərinin və idarələrinin nümayəndələri ilə görüşəcəklər. Azərbaycanlı tərəfdaşlarla B2B formatında işgüzar danışıqlar aparılması planlaşdırılır.

Səfər zamanı həmçinin üç böyük sərgi - "CaspianAgro-2018" Azərbaycan Beynəlxalq "Kənd təsərrüfatı" sərgisi, "WorldFood Azerbaijan-2018" Azərbaycan Beynəlxalq "Qida sənayesi" sərgisi və "Ipack Caspian-2018" Xəzər Beynəlxalq "Qablaşdırma, tara, etiket və poliqrafiya" sərgisi çərçivəsində Altay diyarının müəssisələrinin iqtisadi potensialının təqdimatı olacaq.

Nümayəndə heyətinin səfəri mayın 18-də başa çatacaq.