Bakı. 18 dekabr. REPORT.AZ/ Azərbaycanın Rusiyanın Yekaterinburq şəhərindəki Baş konsulu İlqar İskəndərov və Rusiyanın Kurqan vilayətinin qubernatoru vəzifəsini icra edən Vadim Şumkov respublika ilə vilayət arasında əməkdaşlığın inkişafı məsələlərini müzakirə ediblər.
"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, Kurqan vilayətinin rəhbəri regionun sənaye müəssisələrinin Azərbaycanın işgüzar dairələri ilə əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduqlarını və respublikaya müxtəlif təyinatlı məhsullar ixrac etməyə hazır olduqlarını vurğulayıb.
"Azərbaycanla işgüzar münasibətlərimizi olduqca fəal şəkildə qurmağa hazırıq. Bunun üçün Kurqan vilayətində bütün alətlər var. O cümlədən bizim ixrac mərkəzimiz var, onun işini tam şəkildə yenidən qurmağı və stimullaşdırmağı planlaşdırırıq. Regionda üç əsas ixrac istiqaməti mövcuddur: maşınqayırma, kiçik və orta sahibkarlıq və aqro-sənaye kompleksi məhsulları. Məhz bu sahələr Azərbaycandan olan həmkarlarımız üçün maraqlı ola bilər", - V.Şumkov bildirib.
Tərəflər 2019-cu ilin ikinci yarısında vilayətdən olan nümayəndə heyətinin Azərbaycana səfərinin təşkil edilməsi ilə bağlı razılıq əldə ediblər. Səfər zamanı Kurqan vilayətinin sənaye, turizm və aqrar potensialının təqdimatının keçiriləcəyi planlaşdırılır.
Bununla yanaşı, tərəflər Kurqan vilayəti və Azərbaycan hökumətləri arasında artıq mövcud olan ticari-iqtisadi, elmi və mədəni əməkdaşlıq üzrə Sazişin yenilənməsi və ona əlavələrin olunması barədə qərar qəbul ediblər.