Qazaxıstan hökuməti 2020-ci il ərzində işgüzar fəaliyyətini təşviq etmək, məşğulluğu dəstəkləmək, əhalinin gəlirlərini artırmaqla ölkədə iqtisadi artımı bərpa etməyi nəzərdə tutan kompleks planı təsdiqləyib.
“Report” Qazaxıstan KİV-ə istinadən xəbər verir ki, bu barədə Baş nazir Əsgər Mamin Nazirlər Kabinetinin selektor müşavirəsində bildirib.
O deyib ki, planın həyata keçirilməsi ilə kənardan mənfi təsirləri minimuma endirərək bütün əsas sahələrdə yerli sahibkarlığın dirçəlməsi üçün tədbirləri əhatə edəcək.
Hökumət başçısı bütövlükdə 10 istiqamət üzrə 172 sistemli tədbirdən ibarət olan planın ölkədə iqtisadi fəaliyyəti, xüsusilə də sahibkarlığı dirçəltmək üçün bir sıra maliyyə, vergi, inzibati tədbirləri nəzərdə tutduğunu diqqətə çatdırıb: “Bütövlükdə planda sadalanan tədbirlər 6 milyondan çox əhalinin çalışdığı bir sıra sahələri dirçəltməyə kömək edəcək”.
Bununla yanaşı, Baş nazir ölkə prezidentinin tapşırığı ilə dünya və milli iqtisadiyyatda vəziyyətin kəskin dəyişdiyin nəzərə almaqla 2025-ci ilədək Strateji İnkişaf Planının yeni redaksiyası hazırlanacağını bildirib.
"Bu planda ölkənin orta müddət ərzində yeni iqtisadi xəttin əsas öncüllüklərini, o cümlədən təsisat və struktur islahatlatları müəyyənləşdirəcək” – Ə.Mamin həmin sənədi bu il iyulun 1-dək hazırlamaq barədə göstəriş verib.