“Azərbaycanda iqtisadiyyatın liberallaşdırılmasına getməliyik”.
“Report” xəbər verir ki, bunu Prezident İlham Əliyev ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirdiyi müşavirədə bildirib.
“Son vaxtlar bu sahədə aparılan müzakirələr deməyə əsas verir ki, artıq ciddi addımların atılması labüddür. Özəlləşdirmə sahəsində daha geniş islahatlar aparılmalıdır. Həm özəl, həm də xarici şirkətləri biz maraqlandırmalıyıq. Çünki bəzi hallarda şirkətlər müraciət edir və onların müraciətlərinə baxılmır, bəzi hallarda uzadılır. Layihələrin bəziləri icra edilir, bəziləri isə yox. Biz özümüz maraqlı olmalıyıq. Biz xarici və yerli investorlara biznesplan verməliyik - bu sahə var, bu müəssisə var, gəl bunu özəlləşdir. Əgər strateji investor oraya böyük vəsait qoyacaqsa, bunu simvolik qiymətə özəlləşdirmək olar. Əgər, o, zəmanət verirsə ki, buraya böyük vəsait qoyacaq. Ancaq bu yolla biz bu müəssisələri işə sala bilərik. Çünki bizim Bakı şəhərində sovet vaxtından qalan nə qədər dağılmış müəssisələr var. Onların böyük əraziləri var. O ərazilərdə həm yeni sənaye müəssisələri yaradıla bilər, - əlbəttə ki, ekoloji standartları tam gözləmək şərti ilə, - eyni zamanda, şəhərsalma ilə əlaqədar burada böyük layihələr icra oluna bilər. Çünki pandemiya dövründə tənəzzülə uğrayan tikinti sektoru özündə böyük potensial cəmləşdirib. Həm iş yerlərinin açılmasına, həm tikinti materialları sənayesinə, həm də bir neçə sahəyə bunun müsbət təsiri olar. İndi şəhərin içində bizim o qədər yarıdağılmış, çürümüş sənaye müəssisələrimiz var. O investorları cəlb etmək lazımdır. Qoy, gedib öz puluna ərazini abadlaşdırsın, ictimai zonalar yaratsın və binalar tikilsin. Çünki buna ehtiyac var və bu, biznesi canlandıracaq”, - deyə o, qeyd edib.
“Dövlət-özəl sektor tərəfdaşlığı gərək daha konkret layihələr əsasında özünü göstərsin. Deyə bilərəm ki, bu, hələ bir çox hallarda niyyət olaraq qalır. Bizdə bir neçə layihədə dövlət və özəl şirkətlər fəaliyyət göstərirlər, sərmayə qoyublar. Amma bu layihələrin sayı çox azdır. Ona görə burada mütləq yeni yanaşma olmalıdır. Bəlkə də hansısa yeni sahələrdə, hətta infrastruktur layihələrində özəl sektor fəaliyyət göstərə bilər. Bu da mümkündür. Təkcə sənaye müəssisələrinin yaradılmasında yox, infrastruktur layihələrində. Onları, sadəcə olaraq, stimullaşdırmaq lazımdır. Eyni zamanda, biz xarici tərəfdaşları da bu işlərə cəlb etməliyik”, - deyə dövlət başçısı əlavə edib.