Bir sıra ölkələrdə, o cümlədən qonşu Türkiyə və İranda əhalinin müəyyən təqəbələri pensiya kapitalını vaxtından əvvəl (pensiyaya çıxan kimi) və birdəfəlik əldə edə bilirlər.
Pensiyaçılar həmin pulla hansısa problemlərini həll edirlər.
Bəs bu təcrübənin Azərbaycanda tətbiqi mümkündürmü? "Report" iqtisadçı-ekspertlərlə bu suala cavab tapmağa çalışıb.
"Bunun üçün DSMF-nin maliyyə imkanları yoxdur"
Onlardan biri - Rəşad Həsənov bildirir ki, Azərbaycandakı pensiya fondu - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu (DSMF) həm işləyən vətəndaşların ödədiyi məcburi dövlət sosial sığorta haqları, həm də dövlət büdcəsindən ayırmalar hesabına fəaliyyət göstərir: "Yəni, bizdə Fondun gəlirləri heç xərclərini bağlamır. Hər il müəyyən məbləğdə kəsir yaranır və bu, büdcə vəsaiti hesabına aradan qaldırılır. Vətəndaşların pensiya kapitalını vaxtından əvvəl və birdəfəlik əldə etməsi üçün əlavə ehtiyat vəsaitlər - maliyyə imkanları olmalıdır ki, bu da faktiki olaraq DSMF-də yoxdur. Odur ki, həmin xarici ölkələrin təcrübəsinin Azərbaycanda tətbiqi mümkün deyil".
Onun sözlərinə görə, bu məsələyə gələcəkdə - ölkə iqtisadiyyatı xeyli inkişaf etdikdən, DSMF-yə daxilolmaların məbləği əhəmiyyətli dərəcədə artdıqdan sonra baxmaq olar: "Bunun üçün isə Azərbaycanda həm qanunvericilikdə, həm də pensiya fondunun idarə olunmasında müəyyən dəyişikliklər edilməli, təkmilləşdirmə işləri aparılmalı, məsələnin bütün parametrləri işlənib hazırlanmalıdır. Fərqli təcrübələr var. Bəzi ölkələrdə pensiya yaşına çatmamış, yəni 50-55 yaşında, bəzi ölkələrdə isə müəyyən iş stajından sonra belə bir hüquq yaranır. Bu daha tətbiq ediləcək modeldən asılıdır. Azərbaycanda ilkin mərhələdə vətəndaş pensiya kapitalının minimum məbləğdən artıq hissəsini götürə bilər və ahıl vaxtlarında təminatsız qalmaz".
Ekspert onu da deyir ki, Azərbaycanda pensiya kapitalı bağlı varislik hüququnun, eyni zamanda, kapitalın müəyyən bir qisminin birdəfəlik götürülməsi hüququnun olmaması və sair məsələlər əmək pensiyaları sisteminin təşviqediciliyini zəiflədir, əmək bazarı iştirakçılarının prosesdə aktiv olması, öz hüquqlarını tələb etməsi, əməyin leqallaşdırılması təşəbbüslərini aşağı salır: “Sövdələşmə nəticəsində sosial sığorta xərclərinin bölüşdürülməsi işəgötürənlə işçi arasında daha əlverişli imkanlar yaradır. Çünki insanlar uzunmüddətli dövr üçün planlamada ehtiyatlı davranırlar. Onlara qısamüddətli dövrdə nağd şəkildə əldə etdikləri vəsaitlər daha dəyərlidir. Nəticədə isə acınacaqlı mənzərə yaranır. Azərbaycanda 4,9 milyona yaxın məşğul insan var, bunun da 1,7 milyonunun əmək müqaviləsi mövcuddur. Bu, çox aşağı göstəricidir. Dünyada belə bir göstərici demək olar ki, yoxdur”.
"İnsanlar yalnız özəl pensiya fondlarına ümid edə bilərlər"
Digər iqtisadçı-ekspert Xalid Kərimli da indiki halda Azərbaycanda insanların pensiya kapitalını vaxtından əvvəl, birdəfəlik əldə etməsini real saymır. Onun fikrincə, insanlar yalnız gələcəkdə özəl pensiya fondlarının yaradılmasına, həmin fondlara yatırılan vəsaitlərin lazım olan anda götürülməsinə ümid edə bilərlər.
"Vətəndaşların pensiya ilə bağlı müəyyən seçimlərinin olması üçün Azərbaycanda özəl pensiya fondları fəaliyyətə başlamalıdır. Bu təcrübə inkişaf etmiş ölkələrin əksəriyyətində var, könüllü xarakter daşıyır. Burada maraqlı məqam ondan ibarətdir ki, inkişaf etmiş ölkələrin əmək bazarında - şirkətlər arasında kifayət qədər rəqabət var. Odur ki, yaxşı işçi tapmaq, onu uzun müddət işdə saxlamaq çətindir. Bu səbəbdən işəgötürənlər işçilərə özəl pensiya təminatı təqdim edir. Bu da olmasa, vətəndaş özü özəl pensiya mexanizmini seçmək imkanına malikdir. Amma bu, bizim üçün aktual olmaya bilər. Çünki Azərbaycan qanunvericiliyində işçiyə özəl pensiya təminatı təqdim etmək nəzərdə tutulmayıb. Bu istiqamətdə layihələr hazırlandıqdan, qanunvericilik təkmilləşdirildikdən, özəl pensiya sistemi tətbiq olunduqdan sonra müəyyən imkanlar ortaya çıxacaq”, - deyə o qeyd edib.