Paskal Lami: "ÜTT Azərbaycanın qlobal səviyyədə ədalətli rəqabət mühitini təmin edə bilər" - MÜSAHİBƏ

Paskal Lami: "ÜTT Azərbaycanın qlobal səviyyədə ədalətli rəqabət mühitini təmin edə bilər" - MÜSAHİBƏ 1997-ci ildə Azərbaycan Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olma niyyətini əks etdirən müraciətini təqdim edib, bu istiqamətdə mütəmadi fəaliyyət göstərilir, görüşlər keçirir, bir sıra addımlar atılır. 1995-ci ildə yaradılan ÜTT-nin əsas məqsədi beynə
Biznes
10 Oktyabr , 2024 14:37
Paskal Lami: ÜTT Azərbaycanın qlobal səviyyədə ədalətli rəqabət mühitini təmin edə bilər - MÜSAHİBƏ
Paskal Lami

1997-ci ildə Azərbaycan Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olma niyyətini əks etdirən müraciətini təqdim edib, bu istiqamətdə mütəmadi fəaliyyət göstərilir, görüşlər keçirir, bir sıra addımlar atılır. 1995-ci ildə yaradılan ÜTT-nin əsas məqsədi beynəlxalq ticarətin maksimum dərəcədə liberallaşdırılması və onun möhkəm əsaslarının yaradılması, bununla da iqtisadi inkişafın artırılması və insanların həyat səviyyəsinin yaxşılaşdırılmasıdır. Bəs ÜTT üzv ölkələr qarşısında hansı öhdəlikləri qoyur və nə kimi üstünlüklər yaradır? Azərbaycan bu təşkilata üzv olduğu halda onun hansı vəzifələri və imtiyazları olacaq?

ÜTT-nin keçmiş baş direktoru Paskal Lami “Report”a müsahibəsində bununla bağlı sualları cavablandırıb.

- ÜTT Azərbaycanda əsasən hansı sektorun inkişafına dəstək ola bilər?

- ÜTT-yə üzvlük Azərbaycan üçün qlobal səviyyədə ədalətli rəqabət mühitini təmin edə bilər. Bu, misal olaraq, kənd təsərrüfatında üstünlükləri olan ölkələrə imkan verir ki, başqa ölkələrdəki mövcud ağır subsidiyalar kimi maneələrlə üzləşmədən öz imkanlarından yararlansınlar. ÜTT-nin kənd təsərrüfatı ilə bağlı qaydaları istehsal və ya xidmət sektorundan daha çox milli siyasətin işlənib hazırlanmasında çevikliyə imkan verir.

- Azərbaycan iqtisadiyyatı üçün enerji sektorunun əhəmiyyətini nəzərə alaraq, ÜTT bu sahəyə hansı tələbləri irəli sürür? Azərbaycan öz enerji maraqlarını ÜTT öhdəlikləri ilə necə uzlaşdıra bilər?

- ÜTT enerji sektoruna maraq göstərir. Çünki enerji birbaşa ticarətlə, ticarət isə birbaşa enerji ilə bağlıdır. Bununla belə, ÜTT-də enerji ticarətini tənzimləyən qaydalar mal, xidmət, istehsal və ya kənd təsərrüfatı ticarətini tənzimləyən qaydalardan daha zəif olaraq qalır. Bunun səbəbi olduqca sadədir. Çünki enerji məsələləri digər ticarət növlərinə nisbətən dövlətlər səviyyəsində daha yaxın və diqqətdə saxlanılır.

Bununla belə, enerji ticarətinə ÜTT-nin daha az qaydalar tətbiq etməsinə baxmayaraq, burada tranzit azadlığı ilə bağlı bir sıra öhdəliklər mövcuddur. Bu öhdəliklər neft və ya təbii qaz kimi enerji resurslarında mühüm rol oynayır. Həmçinin ölkələrin enerji ixracındakı üstünlüyündən həddən artıq istifadə etməsinin qarşısını almaq üçün enerjinin qiymətini uyğun səviyyədə saxlanmasını təmin edir.

Bu, illər əvvəl Səudiyyə Ərəbistanının ÜTT-yə daxil olması ilə bağlı danışıqlar aparan zaman həll edilməli problemlərdən idi.

- Ümumilikdə ölkələrin ÜTT-yə üzvlükdə məqsədi nədir? Bu üzvlük onlara nə qazandırır?

- Bir ölkənin ÜTT-yə daxil olmasının əsas məqsədi qonşuları və tərəfdaşları ilə ticarətini daha da genişləndirmək və gələcəkdə ÜTT qaydalarına riayət etmək üçün öhdəliklər götürməkdir. Təcrübə də bunu göstərir. ÜTT-də iştirak edən ölkələr ticarətlərini genişləndirməkdə və iqtisadiyyatlarını inkişaf etdirməkdə daha uğurludurlar. Bu, son 30 ildə fasiləsiz olaraq əldə etdiyimiz uğurun göstəricisidir.

- ÜTT üzvlüyü Azərbaycanda investisiya mühitinin yaxşılaşdırılmasında hansı rol oynaya bilər? Xarici investisiyaların cəlb edilməsi üçün hansı tədbirlər görülməlidir?

- Son 20-30 ildə ÜTT-yə üzv ölkələrin təcrübələrinə nəzər saldıqda görərik ki, təşkilata üzvlük investorların münasibətinin formalaşmasında rol oynayır. ÜTT-yə üzv olmaq bir növ “sığorta” hesab olunur. Belə ki, ÜTT-yə üzvlük investorları sərmayə qoyduqları ölkənin normativlərə uyğun hərəkət etməsi və açıq bazar iqtisadiyyatına malik olması baxımından təmin edir. Bu, investorlar tərəfindən bir növ mükafat kimi qəbul edilib. Başqa sözlə ifadə etsək, investorlar hər hansı ölkənin ÜTT-yə sadiq qalaraq onların sərmayələrini qoruyacağına inam yaratdıqda daha istəkli addımlar atırlar. Bu mənada ÜTT-yə üzvlük keyfiyyət etiketidir və investisiya cəlb edilməsində mühüm əhəmiyyət daşıyır.

- Ümumdünya Ticarət Təşkilatı əqli mülkiyyətin qorunmasına hansı tələbləri irəli sürür? Azərbaycan ÜTT-nin tələblərinə uyğun olaraq öz əqli mülkiyyət müdafiəsi sistemini necə gücləndirə bilər?

- Əqli mülkiyyətin beynəlxalq standartlara uyğun qorunması ÜTT-yə üzvlük üçün yerinə yetirilməli olan şərtlərdən biridir. ÜTT-yə üzv olmaq istəyirsinizsə, bu, yerinə yetirməli olduğunuz 25 meyardan biridir. Bu, həm yerli, həm də beynəlxalq ticarətdə iştirak edən əqli mülkiyyət sahibləri üçün lazımi təhlükəsizliyin təmin edilməsi deməkdir. Ticarət fəaliyyətində xarici aktorlar olduqda belə, onlar beynəlxalq əqli mülkiyyətin qorunması standartlarına uyğun ticarət etdiklərindən əmin olmalıdırlar.

Son xəbərlər

Orphus sistemi