Azərbaycanda qadın fərdi sahibkarların xüsusi çəkisi getdikcə artmaqdadır.
"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Azərbaycan paytaxtında keçirilən "SHE Congress Baku, 2023. Own Your Life" tədbirində bildirib.
"Bu gün sahibkarlığa başlayan xeyli sayda qadınlarımız var. Əgər 2018-ci ildə fərdi sahibkarlar arasında qadınların xüsusi çəkisi 19 % civarında idisə, 2023-cü ilin aprel ayının statistikasına görə, bu nisbət 25 %-ə yaxınlaşıb. Bundan başqa, hüquqi şəxslərin təsisçiləri, eləcə də idarəçiləri arasında da kifayət qədər qadınlar var. Hazırda ölkəmizdə iqtisadi fəal əhalinin 49 %-ni qadınlar təşkil edir", - deyə o qeyd edib.
Bundan başqa, KOBİA sədrinin sözlərinə görə, qadın sahibkarlar işğaldan azad edilən ərazilərdə biznes qurmağa maraqlıdırlar: "Bu barədə bizə müraciətlər daxil olub. Ümumiyyətlə, biznes müraciətlərinin 80-ə yaxını qadın sahibkarlara məxsusdur. Biz ticarət, kənd təsərrüfatı, turizm, ictimai iaşə, təhsil və digər sektorlar üzrə müraciətləri görürük".