"Norm Sement" quyu-tamponaj sementini təqdim edəcək - FOTO

"Norm Sement" quyu-tamponaj sementini təqdim edəcək - FOTO Norm Sement Cənubi Qafqaz regionunda API (American Petroleum Institute) sertifikatını əldə edən ilk sement zavodudur.
Biznes
2 İyul , 2021 10:00
Norm Sement quyu-tamponaj sementini təqdim edəcək - FOTO

Norm Sement Cənubi Qafqaz regionunda API (American Petroleum Institute) sertifikatını əldə edən ilk sement zavodudur. Norm komandasının işçi heyəti API sertifikatını əldə etmək üçün 1 ildən artıq müddətdə yorulmadan çalışmışdır. Bu müddət ərzində keyfiyyətə nəzarət sistemini təkmilləşdirmək məqsədilə müəyyən istehsal avadanlıqları yenilənmiş, əlavə sınaq cihazları əldə edilmiş, yeni altı bölməli sement silosu inşa edilmiş və bütün şöbələr üzrə daxili audit təşkil edilmişdir. Proses API auditini keçməklə uğurla tamamlanmışdır.

Sertifikatlaşdırma proqramı dünyada tanınan və etibar olunan ən yüksək standartlara əsaslanır. API sertifikatı hazırda quyu-tamponaj sement istehsalı sənayesində ən çox tələb olunan etimadnamə kimi qəbul edilir.

API Monogram sertifikatı API standartlarına uyğun mütəmadi sement istehsalı və sınaq proseslərini özündə ehtiva edən lisenziyadır. Bu lisenziyaya sahib olan müəssisədə API Q1 standartlarına cavab verən keyfiyyət idarəetmə sistemi tətbiq edilməli və istehsal olunan məhsullar API Spec 10A tələblərinə cavab verməlidir.
API Q1 sertifikatı xüsusi olaraq neft və qaz sənayesinin keyfiyyət tələblərinə uyğunluq üzrə təyin edilir. Norm Sement Amerika Neft İnstitutu tərəfindən Q1 və 10A sertifikatlarına layiq görülməklə, Cənubi Qafqazda quyu-tamponaj sementini ilk istehsal edən müəssisəyə çevriləcək.

Keyfiyyət və etibarlılıq baxımından xüsusi tərkibə malik olan quyu-tamponaj sementləri ciddi keyfiyyətə nəzarət sistemi çərçivəsində istehsal olunur, yüksək temperatur və təzyiq altında neft və qaz quyularının sementlənməsində tətbiq edilir.

ARDNŞ ilə BP Eksploreyşn (Azərbaycan) arasında imzalanmış “Neft yataqlarının daxil olduğu blokun reabilitasiyası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişə (PSA Agreement) əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi çərçivəsində ehtiyacların yerli istehsal və xidmət müəssisələri hesabına təmin olunması əsas şərtlərdəndir. Bu saziş üzrə öhdəliklərdən irəli gələrək Norm Sement zavodu tərəfindən quyu-tamponaj sementinin istehsalı ümumilikdə yerli istehsalın inkişafına və stimullaşdırılmasına təkan verəcək.

Əldə olunan sertifikatlar Norm ASC-ni sadəcə ölkənin neft və qaz sənayesinin inkişafının deyil, həmçinin quyu-tamponaj sementinin ixrac potensialının səmərəli reallaşdırılmasının, ümumilikdə isə qeyri-neft sektoru üzrə ixracın artırılmasının fəal iştirakçısına çevirir. Beləliklə, quyu-tamponaj sementinin Azərbaycanda istehsal olunması xarici valyuta axınının qarşısının alınmasına və ölkədə valyuta ehtiyatlarının qorunub saxlanılmasına şərait yaradacaq.

Cənubi Qafqazın ən iri sement istehsalçısı olan Norm Sement bundan sonra da fəaliyyətinə dünyada sənaye sahəsində qəbul edilmiş ən son standartlara uyğun, təhlükəsiz və peşəkar şəkildə davam edəcək.

Son xəbərlər

Orphus sistemi