Muxtar Babayev: "Müəssisələr dayanıqlı və ekoloji təmiz investisiyalara daha çox dəstək alacaq"

Muxtar Babayev: "Müəssisələr dayanıqlı və ekoloji təmiz investisiyalara daha çox dəstək alacaq" Azərbaycan Mərkəzi Bankının "yaşıl maliyyə"nin inkişafı məqsədilə hazırladığı "yaşıl taksonomiya" vasitəsilə ölkədə iqtisadi fəaliyyət "yaşıl standart"lar əsasında təsnifləşdiriləcək, beləliklə də, müəssisələr dayanıqlı və ekoloji təmiz investisiyalara da
Biznes
9 Sentyabr , 2024 11:29
Muxtar Babayev: Müəssisələr dayanıqlı və ekoloji təmiz investisiyalara daha çox dəstək alacaq
Muxtar Babayev

Azərbaycan Mərkəzi Bankının "yaşıl maliyyə"nin inkişafı məqsədilə hazırladığı "yaşıl taksonomiya" vasitəsilə ölkədə iqtisadi fəaliyyət "yaşıl standart"lar əsasında təsnifləşdiriləcək, beləliklə də, müəssisələr dayanıqlı və ekoloji təmiz investisiyalara daha çox dəstək alacaq.

"Report" xəbər verir ki, bunu İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçirilən “Yaşıl iqtisadiyyatda kiçik və orta biznesin rolu” mövzusunda konfransda COP29-un müəyyən edilmiş prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev bildirib.

"Taksonomiya KOB-ların "yaşıl keçid"ini maliyyələşdirmək üçün mövcud maliyyə resurslarından daha effektiv istifadə etməyə şərait yaradacaq. KOB-lar innovasiya sahəsində də unikal imkanlara malikdirlər. Onlar daha çevikdirlər,daha tez yeni texnologiyalar və iş modellərini mənimsəyə bilirlər. "Yaşıl iqtisadiyyat"a keçid zamanı bu çeviklikdən istifadə edərək təmiz enerji mənbələrinə, enerji səmərəliliyi və tullantıların azaldılması texnologiyalarına sərmayə arıtırılmalıdır. Bu, həmçinin iqlim məqsədlərimizi həyata keçirmək üçün əhəmiyyətli addımdır. Biz inanırıq ki, bu addımlar təkcə iqtisadiyyatımızın karbon intensivliyini azaltmayacaq, həm də KOB-ların rəqabət qabiliyyətini artıracaqdır. KOB-ların dayanıqlı təchizat zəncirlərinə inteqrasiyası üçün böyük şirkətləri də onlarla əməkdaşlığa çağırırıq. "Yaşıl KOB Resurs Mərkəzlərinin yaradılması KOB-ların daha dayanıqlı təcrübələrə keçidini asanlaşdıracaq və onlara lazımi bilik, məsləhət və texnologiya təmin edəcək",- deyə o qeyd edib.

M.Babayev əlavə edib ki, COP29 tədbiri Azərbaycanın qlobal iqlim dəyişikliyi ilə mübarizədə mövqeyini gücləndirir: "COP29-un əsas prioriteti iqlim maliyyəsidir. Konvensiyanın terminologiyası ilə desək Bakı COPunda iqlim dəyişikliyi ilə mübarizə sahəsində “Yeni Kollektiv Kəmiyyət Hədəfi”nin razılaşdırılması nəzərdə tutulur. Bununla yanaşı, COP çərçivəsində iqlim dəyişmələri üzrə vacib sahələr - mitiqasiya və adaptasiya istiqamətləri əhatə olunacaq. Eyni zamanda, danışıqlardan kənar önəmli istiqamətlər olan “İkiillik Şəffaflıq Hesabatları”, “Milli Müəyyən edilmiş Töhfələr”, “Milli Adaptasiya Planları”nın hazırlanması və təqdim edilməsi məsələləri də diqqət mərkəzindədir. Bu tədbir çərçivəsində Azərbaycanın COP29 Sədrliyi 14 əsas təşəbbüs irəli sürüb. Bizim məqsədimiz yalnız milli deyil, qlobal səviyyədə yeni yanaşmalar və innovativ həll yolları təklif etməkdir. Azərbaycan bu təşəbbüslərlə qlobal səviyyədə yaşıl iqtisadiyyata keçidini dəstəkləməkdə öz liderliyini davam etdirəcək. Bu tədbirlər, ölkəmizin beynəlxalq səviyyədə etibarlı və məsuliyyətli tərəfdaş kimi mövqeyini daha da gücləndirəcək".

Son xəbərlər

Orphus sistemi