Güclü iqtisadiyyat və təhsil sistemi olmadan əmək bazarında məşğulluğun təmin edilməsi üçün çətinlik yaradır.
“Report” xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli “Azərbaycan İstehsalçılar Festivalı 2022” satış-sərgi yarmarkasında çıxışı zamanı deyib.
Məşğulluğun üç komponenti var, bunlar iqtisadiyyat, təhsil və əmək bazarıdır. Bu baxımdan biz bu üç komponenti birlikdə inkişaf etdirməliyik. Bu məqsədlə peşə festivallarının, tədbirlərin keçirilməsi önəmlidir”, - Dövlət Məşğulluq Agentliyinin rəhbəri hesab edir.
M.Abbasbəyli deyib ki, dünyada bir neçə iqtisadi model var: “Bunlardan biri, iqtisadiyyatın böyük sahibkarlar üzərində qurulması modelidir. Çox az ölkələrdə bu kimi modelə təsadüf edilir. Cənubi Koreya kimi ölkənin iqtisadiyyatı bir neçə böyük şirkətlərin üzərində qurulub. Amma böyük əksəriyyət ölkələrin iqtisadiyyatı daha çox kiçik və orta sahibkarlığın üzərində qurulub. Çünki bu daha dayanıqlıdır, daha əmək tutumludur, həmçinin məşğulluq baxımından kiçik və orta sahibkarlığın inkişafı olduqca önəmlidir. Bu baxımdan “Azərbaycan İstehsalçılar Festivalı 2022” satış-sərgi yarmarkasının təşkili inklüzivliyin təmin edilməsi baxımından çox önəmlidir. Biz bu kimi tədbirlərin sayını artırmalıyıq”.
Onun sözlərinə görə, Dövlət Məşğulluq Agentliyi Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə sıx əməkdaşlıq edir: “Biz bu ay Şamaxıda sosial müəssisə yaratdıq. Sosial müəssisənin məqsədi şəhid anaların məşğulluğunun təmin edilməsidir. Sosial sahibkarlığın inkişafı olduqca önəmlidir. Bununla yanaşı, kənd turizmin inkişafı ilə bağlı böyük bir layihə həyata keçiririk. Belə layihələrin sayı onlarladır. Məqsəd kiçik və orta biznesin inkişafı və nəticədə məşğulluğun təmin edilməsidir. Kiçik və orta sahibkarlığın inkişafı məşğulluğa təsir edir, məşğulluq sahəsində göstərilən xidmətlərin xüsusilə peşə hazırlığının gücləndirilməsi, peşə vərdişlərinin gənclərə aşılanması kiçik və orta sahibkarlığın inkişafına təsir edir.
Bu istiqamətdə mayın 15-dən başlayaraq ölkə ərazisinin 10 şəhərində peşə festivalını həyata keçiririk. Bu festival Şamaxıda, Lənkəranda, Sumqayıtda keçirilib, bu gün Şirvan şəhərində keçirilir. Birinci gün isə Bakıda geniş tədbir həyata keçiriləcək. Məqsədimiz gənclərin 10 ən prioritet peşə üzrə öz vərdişlərini müəyyən etməsinə dəstək göstərməkdir. Festivala dəvət etdiyimiz ekspertlər vasitəsilə gənclər peşələrə uyğunluqlarını müəyyən edə bilərlər. Çünki peşələrin seçilməsi gələcək əmək bazarında məşğulluğun təmin edilməsi baxımından olduqca önəmlidir”.