Ötən ildən ölkəmizdə tətbiq edilən karantin tədbirləri nəticəsində iri ticarət mərkəzləri, müxtəlif mağazalar öz fəaliyyətini tam və ya qismən məhdudlaşdırdı. Nəticədə alış-veriş etmək istəyən əhali pandemiya dövründə xüsusilə sərfəli hesab olunan elektron ticarətdən istifadəyə üz tutdu.
Ölkədə fəaliyyət göstərən yükdaşıma şirkətlərindən birinin rəhbəri Arzu Abdullayev “Report”a verdiyi açıqlamada bildirib ki, pandemiya dövründə mağazaların bağlanması onlayn ticarətin həcmini artırıb:
"“Smart Customs” sistemi tətbiq ediləndən daşıyıcı şirkətlərin işləri azalıb"
Arzu AbdullayevÖlkədə fəaliyyət göstərən yükdaşıma şirkətlərindən birinin rəhbəri
“Pandemiya bütün dünyanın bəlasına çevrilsə də, onlayn ticarət üçün gözəl fürsətlər yaratdı, bu sahədə inkişafın, rəqabətliliyin artması üçün müəyyən fürsətlər ortaya çıxdı. Mağazaların bağlanması onlayn ticarətin həcmini artırdı. Artıq Azərbaycanda 80-ə qədər daşıma şirkəti fəaliyyət göstərməyə başladı. İyirmiyə qədər şirkət isə saytlarının hazır olmasını və ya lisenziyalarının verilməsini gözləyirlər. Yəqin ki, bir-iki aya bu şirkətlər də bazara daxil olacaqlar. Bu isə bazarda rəqabət yaradır”.
A.Abdullayev “Smart Customs” tətbiqinin üstünlüklərindən də danışıb:
“Ay ərzində ölkəyə gətirilən mallara tətbiq olunan 300 ABŞ dollarlıq limit vətəndaş üçün normal səviyyədədir. Sahibkarlara isə bir o qədər sərfəli görünmür. Amma sahibkarlar da bunu qəbul etməli və vergi ödəməlidir. Bu gün “Smart Customs” tətbiqi vasitəsilə vətəndaş limitini nəzarətdə saxlayır. Əvvəl isə belə deyildi. Düzdür, mən də istəyərəm ki, limitlə bağlı ortaya çıxan problemlərdə rüsum standart olsun və sahibkarlara tətbiq olunan rüsumla eyni olmasın. Məsələn, bu gün sıravi bir vətəndaş 300 ABŞ dollarlıq limitdən 50 ABŞ dolları artıq məbləğdə mal gətirsə, həmin 50 ABŞ dollara görə sahibkarların ödədiyi həcmdə vergi ödəyir. Mən də bunun belə olmamasını, burda müəyyən güzəştlərin edilməli olduğunu düşünürəm. Amma 300 ABŞ dollara kimi bağlamaların gətirilməsində vətəndaş Dövlət Gömrük Komitəsindən narazı ola bilməz. Çünki DGK onun bütün prosesləri izləməsi üçün şərait yaradıb. Əvvəllər aylarla belə hal olurdu ki, daşıyıcı şirkətlər yük həcminin artması ilə əlaqədar anbarlarında çeşidləmə prosesini apara bilmirdilər. Xarici anbarın da işini düzgün qura bilmədiklərinə görə mal orda qalırdı. Vətəndaş elə bilirdi ki, onun malı gömrükdə qalır. Bu hallar daha çox ilin sonunda olurdu. “Smart Customs” sistemi tətbiq ediləndən daşıyıcı şirkətlərin işləri azalıb. Artıq daşıyıcının gömrük yoxlaması uzun sürmür və limiti keçmiş malları axtarmaq məcburiyyəti yaranmır”.
Şirkət rəhbəri əlavə edib ki, bu gün Türkiyədən alış-veriş üstünlük təşkil edir və həcmi də hər gün artmaqdadır: "Düşünürəm ki, sayları artan şirkətlər qiyməti azaltmaq əvəzinə xidmətlərini keyfiyyətli etsələr, daha yaxşı olar”.
Logistika şirkətlərindən birinin Baş direktoru Arif Şəmistanlı da pandemiyanın və “Smart Customs” tətbiqinin onlayn ticarətə təsirlərindən danışıb:
"Hazırda daşımalarda gecikmələr yoxdur"
Arif ŞəmistanlıLogistika şirkətlərindən birinin baş direktoru
“Pandemiya dövründə kifayət qədər artım oldu. Bu, bazardakı şirkətlərin də artmağından görünür. Məhdudiyyətlər yumşaldılandan sonra bu proses geriləməyə başladı. Çünki artıq mağazalar açılmağa başladı və insanlar məhsullarını əvvəlki qaydada ala bilirdilər.
Onlayn ticarətdə ötən ildən yeni qaydaların tətbiqi ilə bağlı ilk öncə bir çox problemlər yaşandı. Amma nəticədə əvvəlkindən daha ideal bir sistemə nail olmaq mümkün oldu. Həm komitə, həm vətəndaş, həm də şirkətlər tərəfindən bir izləmə mexanizmi yaradıldı və hərtərəfli bütün proses elektronlaşdı. “Smart Customs” tətbiqi yüklərin rəsmləşdirilməsini ən azı 2-3 dəfə sürətləndirdi. Yüklərin saxlanma müddəti kifayət qədər azaldı. Müştərilər bəyannaməni birbaşa özləri təqdim etdiyinə görə, məsuliyyət öz üzərlərinə düşdü. Bu da əlavə yayınmaların qarşısını bir xeyli aldı. Artıq saxlanılan yüklərin həcmi azalır, çünki artıq bir neçə nəfərin adından bir nəfər bəyan edə bilmir”.
A.Şəmistanlı Azərbaycanda onlayn ticarətdəki problemlərə də toxunub:
“Hazırda Azərbaycanda yalnız beynəlxalq elektron ticarətin inkişafından söhbət gedə bilər. Yerli elektron ticarət tərəfdaşları hesab etidiymiz saytlar sadəcə elan platforması kimi fəaliyyət göstərir. Elektron ticarət qaydalarında isə prosedur tamamilə fərqlidir. Siz müştəri kimi sifarişinizi verib onu ünvanınızda təhvil alırsız və sizin əlavə kommunikasiyanıza ehtiyac olmur. Hazırda isə bazarda beynəlxalq elektron ticarət əsas rol oynayır. Yerli bazarda elektron ticarətlə bağlı isə vəziyyət acınacaqlıdır. Burda həm ödəmə sistemi, həm də eko sistemin olmaması problemdir. Ölkədaxili normal kuryer xidməti göstərən şirkətlər yoxdur. Tələbat da hazırda xarici elektron ticarət istiqamətindədir.
Bazara yeni gələn şirkətlər ilkin mərhələdə qiymətləri aşağı salırlar. Bu ilkin mərhələdə müştərini aldatmaqdır, çünki həmişə belə davam edə bilməz. Həmin şirkətlər qiymətləri maya dəyərindən aşağıya qədər belə salırlar, bəzən bir kiloqramı 2 ABŞ dolları qiymətinə belə bağlama gətirə bilirlər”.
A.Şəmistanlı qeyd edib ki, hazırda bağlamaların çatdırılmasında gecikmə halları müşahidə olunmur:
“Hazırda daşımalarda gecikmələr yoxdur. Fevral ayının ortalarından “Smart Customs” sisteminə keçid olunub. Mart ayından demək olar ki, gecikmələr minimuma enib. Əvvəl gündə üç dəfə daşıma edirdiksə, artıq həftədə 5 dəfə daşıma edirik və yüklərimizin də gəldiyi gün rəsmiləşdirilməsi tamamlanır. Sadəcə bəzən bu yüklərin gətirilməsi gündəlik reyslər üzərindən həyata keçirilir. Bu reyslər karqo təyyarələrinin reysləri deyil, vətəndaşların gəldiyi reyslərdir. Sərnişin artımı və müştəri baqajı çox olduqda artıq karqo yüklərinin qəbulu ikinci plana keçir. Bu hallarda gecikmə yaşana bilir. Amma bu da həftədə maksimum bir göndərişə aid ola bilər”.