Bakı. 25 noyabr. REPORT.AZ/ Azərbaycanda siqaret məhsulları satılan Yaponiyanın JTI şirkəti yerli bazarda tütün məhsullarının qaçaqmalçılığı ilə bağlı apardığı araşdırmanın nəticələrini açıqlayıb. Bu barədə "Report"a Şirkətin Bakı ofisindən bildirilib.
Məlumata görə, ilk dəfə ötən ilin III rübündə JTI-in sifarişi ilə "Boş qutu" adlı tədqiqat aparılıb və qaçaqmal tütün məmulatlarının bazar payının 6,2% olduği üzə çıxıb. 2016-cı ilin I, II və III rüblərində aparılan analoji tədqiqatın nəticələri isə müvafiq olaraq 12,6%, 15,1% və 11,8% təşkil edib: "IV rübün nəticələri hələ məlum deyil, amma biz ilk 9 ayın nəticələrinə əsasən deyə bilərik ki, Azərbaycanda qaçaqmal tütün məhsullarının payı 13% təşkil edir ki, bu da 1 mlrd. ədəd siqaretdən də çoxdur".
Qeyd edək ki, "Boş qutu" tədqiqatını ABŞ-ın "Nielsen" şirkəti aparır. Bu, qlobal informasiya və tədqiqat şirkətidir, problem haqqında düzgün məlumat təmin edir. Tədqiqatlar Azərbaycanda tütün məmulatlarının qaçaqmalçılığı problemini öyrənmək və onun qarşısını almaq üçün faydalı məlumat mənbəyidir.
"Qaçaqmalçılıq mürəkkəb bir problemdir və tez-tez korrupsiya, mütəşəkkil cinayətkarlıq və hətta terrorçuluq və insan alveri kimi daha geniş cinayət hadisələri ilə sıx bağlıdır. Bu problemi ayrıca həll etmək mümkün deyil, ona görə də özəl və dövlət sektoru arasında əməkdaşlıq zəruridir. JTI müxtəlif ölkələrdə məlumat mübadiləsi, təlim və potensialın artırılması proqramları vasitəsilə dövlət və qanunvericilik orqanlarınıtütün məhsullarının qaçaqmalçılığı və saxta tütün məmulatlarının aşkar edilməsi sahəsində dəstəkləyir" - Yaponiya istehsalçısının açıqlamasında bildirilir.
JTI Azərbaycanın Dövlət Gömrük Komitəsi üçün də 2014-cü ildə tütün qaçaqmalçılığına qarşı mübarizə üzrə ayrıca təlim proqramı hazırlayıb və təlim keçmək üçün beynəlxalq ekspertləri dəvət edib. Təlim Bakı, Quba, Lənkəran və Tovuz şəhərlərində keçirilib. Nəticədə, Rusiya, İran və Gürcüstan sərhədlərində çalışan gömrük əməkdaşları bu sahədə zəruri bilik və bacarıqlar qazanıblar. Bundan əlavə, 2015-ci ildə JTI DGK-nın 5 əməkdaşının Almaniyanın Trir şəhərində saxta tütün məmulatlarının aşkar edilməsi mövzusunda təlimdə iştirakına şərait yaradıb.
"Tütün məhsullarının qaçaqmalçılığı böyük problemdir. Bu, həm dövlətlərə, həm istehlakçılara, həm də biznesə ziyan vurur. Ötən 10 il ərzində tütün məmulatlarının qaçaqmalçılığının miqyası bütün dünyada artaraq, digər qanunsuz fəaliyyət növlərinə rəvac verib. JTI olaraq biz qətiyyətlə inanırıq ki, kontrabanda haqqında məlumatlılığı artırmaq və dövlət qurumlarının bu problemə qarşı effektiv mübarizə aparması üçün zəruri bilik və bacarıqlar təmin etmək baxımından xeyli iş görmüşük", - deyə şirkət bəyan edib.