İnsan kapitalı müasir iqtisadiyyatın əsas drayveridir - MƏQALƏ

İnsan kapitalı müasir iqtisadiyyatın əsas drayveridir - MƏQALƏ İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin baş analitiki Günay Quliyeva insan kapitalı müasir iqtisadiyyatda əhəmiyyəti ilə bağlı məqalə yazıb
Biznes
25 Fevral , 2021 10:31
İnsan kapitalı müasir iqtisadiyyatın əsas drayveridir - MƏQALƏ
Günay Quliyeva

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin baş analitiki Günay Quliyeva insan kapitalı müasir iqtisadiyyatda əhəmiyyəti ilə bağlı məqalə yazıb.

“Report” həmin məqaləni təqdim edir:

“Qara qızılı insan kapitalına çevirək”

İlham Əliyev

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin «Müasir dünya sivilizasiyasının tərəqqisində insan kapitalı və intellekt yeni keyfiyyət amili kimi həlledici əhəmiyyət daşıyır. Hər bir dövləti rifah və yüksəlişə aparan yol elm və innovasiyalara əsaslanan inkişafdan keçir…» fikri “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də öz əksini tapıb.

Milli prioritetlərin 3-cü hissəsində göstərilən “RƏQABƏTLİ İNSAN KAPİTALI VƏ MÜASİR İNNOVASİYALAR MƏKANI” yaratmaq ölkə üçün qarşıdakı 10 illikdə duran əsas vəzifələrdən biridir. Müasir dövrdə dünya iqtisadiyyatında müşahidə olunan inqilabi texnoloji dəyişikliklər şəraitində ölkələrarası rəqabət daha da sərtləşib. Dünyada 4-cü sənaye inqilabının yaratdığı yeni növ rəqabətə hazır olmaq üçün hər bir ölkə yüksək rəqabətli insan kapitalını formalaşdırmalıdır. Bunun üçün müasir təhsil, innovasiyaları təşviq edən ekosistem və insanların sağlamlığı əsas şərtdir.

Dövlət başçımız «Qara qızılı insan kapitalına çevirək» şüarıyla kreativliyə, yaradıcılığa, yenilikçiliyə verilən ən böyük dəstəyi, 2020-ci il pandemiya dövründə dəfələrlə səsləndirdiyi “bizim üçün birinci məsələ insanların həyatı, onların sağlamlığıdır” fikrilə isə iqtisadi inkişafımızın ən əsas hərəkətverici qüvvəsi olan insana verilən dəyəri ifadə edib.

Rəqabətli insan kapitalı iqtisadi inkişaf üçün əsas şərtdir.

“Əməkdən istifadədə qənaətin mümkün yollarını kəşf etmə sürətimiz onun üçün yeni istifadə yolları tapma sürətimizi ötür”

Con Meynard Keynez

1960-cı illərin əvvəllərində ilk dəfə amerikalı iqtisadçı Theodore W. Schultz insan kapitalı terminini işçilərin sahib olduqları məhsuldar bilik və bacarıq ehtiyatlarına istinad etmək üçün istifadə etdi.

Böyük ölçüdə “İnsan kapitalı nəzəriyyəsi” insan kapitalını investisiya prosesinin nəticəsi kimi qəbul edən Schultz-un Amerikalı tələbəsi Gary S. Becker tərəfindən formalaşdırılıb.

Becker, “ümumi” insan kapitalı (bütün potensial işəgötürənlər tərəfindən qiymətləndirilən) ilə, “firmaya xas” insan kapitalı (yalnız müəyyən bir şirkətdə məhsuldar dəyərə sahib olan bacarıq və bilikləri əhatə edən) arasındakı mühüm fərqi təqdim etdi. Rəsmi təhsil pillələri “ümumi insan kapitalı” istehsal edirsə, iş yerində treyninq və təlimlər isə hər iki növ insan kapitalını istehsal edir.

İnsan kapitalı anlayışı, inkişaf etmiş məhsuldarlıq və ya performans ilə insan resurslarının inkişafına davamlı və uzunmüddətli investisiyaların qoyulması zərurətini vurğulayan “insan resursları kapitalizminin” iqtisadi modelindən irəli gəlir.

Bu model insan kapitalına yönəldilən investisiyaların milli və qlobal iqtisadi göstəricilərə təsir göstərdiyi və ya daha dar şəkildə insanlara yatırılan investisiyaların müəssisə performansı üçün həlledici hesab edildiyi anlayışdır.

İnsan resursları kapitalizmi modeli, istər iqtisadiyyatda, istərsə də fərdi təsərrüfatda məhsuldarlığın əsas mənbəyinin insanların potensialına dayandığını iddia edir. Buna görə də ölkəmizdə insan kapitalının gələcəkdə böyüməsinə səbəb olacaq tədris sistemləri inkişaf etdirilərək bu mənbənin potensialından tam istifadə etmək üçün strategiyalar hazırlanmalıdır.

İnkişaf etmiş ölkələr iqtisadi inkişafın birinci mərhələsi kimi səciyyələnən xammal-resurs iqtisadiyyatından insan kapitalının inkişafına nail olmaqla innovasiya yönümlü iqtisadiyyata keçə biliblər. ABŞ və aparıcı Avropa ölkələri inkişaflarını insan kapitalı nəzəriyyəsi əsasında müvəffəqiyyətlə təkmilləşdirir və özlərinin rəqabətqabiliyyətli milli iqtisadiyyatlarını yaratmağa nail ola bilirlər. Beynəlxalq nüfuzlu maliyyə qurumlarının mütəxəssislərinin hesablamalarına görə inkişaf etmiş ölkələrin milli insan kapitalı onların milli sərvətinin 70-80%-dən çoxunu təşkil edir. Bu ölkələr dövlət büdcələrindən insan kapitalınaın inkişafına digər inkişaf etməkdə olan ölkələrlə müqayisədə 2,5-3 dəfədən çox vəsait yönəldirlər. Bütün bunlar onu göstərir ki, iqtisadi inkişafın müasir mərhələsində cəmiyyətin inkişafında həlledici rolu təbii resurslar, sənaye kapitalı və ümumiyyətlə əmək, fiziki kapital deyil, yüksək məhsuldarlığa malik olan, intelektual və yaradıcı əməyi formalaşdıran insan kapitalı oynayır. Qəbul olunan milli prioritetlər də bu iqtisadi inkişaf yanaşması cəhətdən çox vacib məsələləri əhatə edir.

Əmək məhsuldarlığı iqtisadi artımın əsas amilidir.

“Məhsuldarlıq hər şey deyil, lakin uzun müddətdə demək olar ki, hər şeydir. Bir ölkənin həyat səviyyəsini zamanla yaxşılaşdırmaq qabiliyyəti demək olar ki, işçi başına düşən məhsulu artırma qabiliyyətindən asılıdır. ”

Paul Krugman

Bir ölkədə, sənayedə və ya müəssisədə məhsuldarlıq səviyyəsi bir sıra amillərlə müəyyən edilir. Bunlara mövcud işçi qüvvəsi, torpaq, xammal, kapital obyektləri və müxtəlif növ mexaniki köməkçilər daxildir. Bu köməkçi amillərə işçi qüvvəsinin təhsili və bacarıqları; texnologiyanın səviyyəsi; istehsalın təşkili metodları; menecerlərin və işçilərin enerjisi və təşəbbüskarlığı; və iqtisadi münasibət və davranışları şərtləndirən bir sıra sosial, psixoloji və mədəni amillər. Qalib ölkə ruhu məhsuldarlıq

Bu dəyişənlər məhsuldarlıq səviyyələrini və onların dəyişmələrini müəyyənləşdirərkən qarşılıqlı təsir göstərir və qarşılıqlı şərtləndirirlər. Beləliklə, hər hansı bir ölkə texnologiya səviyyəsini, işçi qüvvəsinin bacarıqlarını, kapitalın miqdarını və rasional iqtisadi təşkilatlanma qabiliyyətini uzlaşdırmalıdır. Məhsuldarlığı aşağı olan bir ölkənin bütün məqamlarda çatışmazlıqlar olması ehtimalı yüksəkdir; yüksək məhsuldarlığı olan bir ölkənin hamısından yüksək bal qazanması ehtimalı yüksəkdir.

Azalan marjinal fayda dünyasında böyüməyi və rifahı təmin etməyin yeganə yolu faktor səmərəliliyinin artırılmasıdır. Solou (1957) ilə başlayan iqtisadçılar, tək bir istehsal faktoruna diqqət yetirmək əvəzinə, bütün istehsal amillərinin səmərəliliyinin dəyişmə sürətini dolayı olaraq ölçən ümumi faktor məhsuldarlığı (TFP) və ya "çoxfaktorlu məhsuldarlıq" (MFP) adlanan istehsal funksiyaları inkişaf etdirdilər.

Azərbaycan son statistik məlumatları göstərir ki, ÜDM-də əmək 60 faiz, kapital isə 40 faiz paya malikdir. Ümumi faktor məhsuldarlığı 0 faizdir. Bu ölkə potensialından tam istifadə olunmadığını göstərir. Əmək məhsuldarlığını və ümumi faktor məhsuldarlığını inkişaf etmiş ölkələr səviyəsinə çatdırmaq məqsədilə dövlət insan kapitalının inkişafını stimullaşdıran bir çox dəstək mexanizmlərinin davam etdirilməsi məqsədəuyğundur.

İnsan kapitalının potensialının artırılması mütərəqqi təhsillə şərtlənir

"Bu günün və sabahın rəqabət üstünlüyü getdikcə daha az infrastrukturda, daha çox işçi qüvvəsinin bilik və bacarığında - insan kapitalının üstünlüyündədir."

Laprade (2005)

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) “bilik, bacarıq və səriştələri şəxsi, sosial və iqtisadi rifahın yaradılmasını asanlaşdıran xüsusiyyətlər” olaraq təyin edir.

Real sektorun tələbinə uyğun kadr hazırlığı günün əsas tələbinə çevrilir. Ölkə iqtisadiyyatının inkişafının imkan verdiyi hüdudlar çərçivəsində səmərəli iqtisadi inkişafı təmin edə biləcək təhsil sisteminin maliyyələşdirilməsi mühüm əhəmiyyət kəsb edir.

Dünya İqtisadi Forumunun iqtisadi inkişafın mərhələlərini təsnifləşdirməsinə uyğun olaraq Azərbaycan iqtisadiyyatı inkişafın 1-ci mərhələsindən inkişafın 2-ci mərhələsinə (amillərdən səmərəliliyə) keçid dövründə fiziki kapitala nisbətən insan kapitalına investisiya qoyuluşu daha perspektivli hesab olunur. Tədricən fiziki kapitala nisbətən insan kapitalının üstün investisiyalaşdırılması ideyaların reallaşdırılması öz əksini Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasında, Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsində, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" və “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nda tapıb.

Ölkəmizin iqtisadi inkişafının müasir mərhələsində təhsilin maliyyələşdirilməsinə ayrılan vəsaitin müəyyən mənada məhdudluğu bu sahənin prioritetlərinin müəyyənləşdirilməsini zəruri edir. Bu prioritetlərə təhsil müəssisələrinin coğrafi yerləşməsi və bütövlükdə təhsilin fasiləsizliyi daxil edilməlidir. Təhsilin investisiyalaşdırılmasında dövlət vəsaiti , xüsusilə büdcə vəsaiti çox böyük xüsusi çəkiyə malikdir.

Müasir dövrdə təhsilin maliyyələşdirilməsində özəl sektor əhəmiyyətli rol oynamalıdır. Doğrudur özəl təhsil müəsisələri təhsilin bütün pillələrini əhatə edir. Özəl məktəbəqədər müəsisələr,özəl orta və ali təhsil məktəbləri fəaliyyət göstərir. Ali təhsil müəsisələrində ödənişli təhsil alanların nisbətən çox olmasına baxmayaraq, özəl məktəbəqədər və orta təhsil müəsisələrində şagirdlərin sayı respublika üzrə şagirdlərin sayının təxminən 0,2%-ni təşkil edir.

ÜDM-in 85%-dən çoxunun özəl sektorda istehsal olunduğunu nəzərə alsaq məlum olar ki, təhsil sisteminin maliyyələşdirilməsində özəl sektorun iştirakı bu xüsusi çəkiyə uyğun deyil. Özəl sektor təhsilin maliyyələşdirilməsində əsasən dövlət bölməsinə ödədiyi vergilərlə iştirak edir. Dünyanın inkişaf etmiş ölkələrində özəl sektorun təhsilin maliyyələşdirilməsində birbaşa iştirakı dövlət büdcəsi vasitəsi ilə iştirakından daha üstünlük təşkil edir. Perspektivdə özəl sektor-universitet əlaqələrinin günün tələbləri səviyyəsində inkişafı universitetlərin maliyyəşdirilməsində özəl müəssisələrin birbaşa iştirakı sifarişli kadr hazırlığı və elmi-tədqiqat işlərinin yerinə yetirilməsi bu problemlərin həllində mühüm ola bilər.

Təhsilin investisiyalaşdırlmasının bir mənbəyi kimi beynəlxalq maliyyə qurumlarının maliyyə vəsaitləri çıxış edir. Azərbaycan Respublikası da insan kapitalının inkişafında bu mənbələrdən, Dünya Bankının, BMT-nin, Avropa İttifaqının məqsədli vəsaitlərindən səmərəli istifadə etməlidir.

Təhsilə sərmayə qoyuluşunun digər mənbəyi kimi vətəndaşların şəxsi vəsaiti çıxış edir. Belə ki, şəxsi ianələr, ianə fondlarının vəsaitləri, təhsilin bütün pillələrini əhatə edən özəl təhsil müəsisələrinə odəniş haqqları insan kapitalının formalaşması və inkişafında əhəmiyyətli rol oynayır.

İnnovasiya iqtisadi inkişafı sürətləndirən əsas driverdir.

“Dördüncü sənaye inqilabı dövründə iqtisadiyyatın rəqabət qaydaları digər dövrlərdən tamamilə fərqli olacaqdır. Rəqabət güclərini qorumaq üçün ölkələr və şirkətlər bütün formalarda innovasiyanın ön mövqelərində durmağa məcburdurlar”

Klaus Şvab

İnnovasiya, istehlakçılara, müəssisələrə və bütövlükdə iqtisadiyyata fayda gətirən iqtisadi tərəqqinin vacib bir hərəkətvericisidir. İqtisadi baxımdan innovasiya mal və xidmətləri yaxşılaşdıran və ya istehsalını daha səmərəli edən fikir və texnologiyaların inkişafını və tətbiqini təsvir edir.

Dünyanın inkişaf etmiş ölkələrində universitetlərin nəzdində fəaliyyət göstərən ianə fondlarının təhsilin, elmin və elmi-texniki ixtiraların maliyyələşdirilməsində rolu əvəzsizdir. ABŞ unuversitetlərindən Harvard universitetinin nəzdində 40 mld. ABŞ dolları, Stanford Universitetinin nəzdində 29 mld. ABŞ dolları, Kaliforniya Universitetinin nəzdində 21,1 mld. ABŞ dolları, Masaçusussets Texnologiya İnstitutunun nəzdində 18,4 mld. ABŞ dolları vəsaiti olan ianə fondları fəaliyyət göstərir. İanələrin təxminən yüzdə 80-i məqsədli xarakter daşıyır. Müqayisə üçün bildirək ki, Azərbaycanda fəaliyyət göstərən universitetlərin əsas maliyyələşməsi dövlət büdcəsi hesabınadır.

Ölkəmizdə innovasiyaların artırılması üşün geniş dövlət dəstək mexanizmi var. Startaplar üçün vergi güzəştləri nəzərdə tutulub. Belə ki, Azərbaycanda mikro və ya kiçik sahibkarlıq subyekti olan və hüquqi şəxs kimi fəaliyyət göstərən vergi ödəyicilərinin "Startap şəhadətnaməsi" aldığı tarixdən innovasiya fəaliyyətindən əldə etdikləri mənfəət üç il müddətinə vergidən azad olunub. Digər tərəfdən Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə özəl sektorun inkişaf etdirilməsi, innovasiyanın təşviqi və startap hərəkatının genişləndirilməsi üçün “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi yaradılıb.

Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun və “Yüksək Texnologiyalar Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin əsasında nazirliyin tabeliyində İnnovasiyalar Agentliyi yaradılıb.

İnnovasiyalar Agentliyinin hədəfi “Made in Azerbaijan” brendi ilə innovativ və yüksək texnoloji məhsul istehsalına və xidmətlərin göstərilməsinə təkan vermək, habelə mövcud yerli brendlərin beynəlxalq arenaya çıxmasına şərait yaratmaq, rəqəmsal transformasiya məqsədli məhsul və xidmətləri müəyyənləşdirmək, robot və bulud texnologiyalarına, irihəcmli məlumatların emalına, süni intellektə əsaslanan həlləri dəstəkləməkdir.

İnnovasiyalara dəstək sahəsində özəl sektorun da payı var. Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi 2009-cu ildə Azercell Telekom MMC və PAŞA Bankın dəstəyi ilə yaradılan Azərbaycanın ilk biznes inkubatorudur. Mərkəzin əsas məqsədi Azərbaycanda rəqəmsal ekosistemi böyütməkdir. Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi İnnovasiya Laboratoriyası, Biznes İnkubator və Sahibkarlıq dəstəyi, İş Həlləri və Tərəfdaşlıq sahələrindən ibarətdir.

Azərbaycanda biznes və investisiya mühitinin yaxşılaşdırılması, kiçik və orta sahibkarlığın inkişafının təmin edilməsi məqsədilə Prezidentin Fərmanı ilə təsdiq edilən “Azərbaycan Republikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi”nin “İnvestisiya məlumat bankının yaradılması və mütəmadi təhlillər nəticəsində yenilənməsi” tədbirinin icrası ilə əlaqədar olaraq EnterpriseAzerbaijan.com internet portalı yaradılıb. EnterpriseAzerbaijan.com Portalının məqsədi ölkənin investisiya cəlbediciliyini daha da yüksəltmək və iqtisadiyyatın inkişafı üçün alternativ maliyyələşmə mənbələrindən istifadə imkanlarını artırmaqdır.

Kornell Universitetinin (ABŞ), INSEAD Biznes məktəbinin (Fransa) və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) birgə nəşri olan və bu il 131 ölkəni əhatə edən (keçən ilki reytinqdə 129 ölkə daxil idi) “Qlobal İnnovasiya İndeksi-2020” (Qİİ-2020) Azərbaycan 2019-cu ilə nisbətən reytinqini 2 pillə yaxşılaşdırıb.

Ölkəmizin bu subindeks üzrə ən yaxşı nəticə “Daxili bazarın inkişafı” blokunda əldə edilib – 36-cı yer. Azərbaycan bu blokda “Kredit” istiqamətində 39-cu yeri tutur, həmin istiqamətə daxil olan “Kredit almağın asanlığı” göstəricisi üzrə bütün reytinq ölkələri arasında 1-ci yerdə, “Mikromaliyyələşdirmə kreditləri” göstəricisi üzrə isə 14-cü yerdə qərarlaşıb. “İnstitutlar” blokunun “Biznes-mühit” istiqaməti üzrə Azərbaycan yüksək 33-cü yerdə, “Biznesin başlanmasının asanlığı” göstəricisi üzrə isə 9-cu yerdədir.

Bu sahədə öz potensialımızı tam dəyərləndirmək üçün milli prioritetlərin 3.2 bəndinə göstərildiyi kimi Ölkəni rəqabətdə irəli aparmaq üçün cəmiyyətin yaradıcılığını və innovativliyini stimullaşdıran ekosistem qurulmalıdır. Bu ekosistemin yaradılmasına daha çox dövlət dəstəyi ilə deyil (bu sahədə dövlət dəstəyinin böyük olduğunu nəzərə alsaq), cəmiyyətdə ənənəvi biznes ideyalarından - innovativ biznes ideyalaraına keçidi təbliğ etmək, gənclərin innovativ məhsulları yaradan informasiya texnologiyaları sahəsində biliklərinin artırılması, innovasiya-startapların maliyyələşdirilməsində özəl sektorun payının artırılması ilə nail olmaq olar. Startaplara investisiya qoyuluşunda vençür kapitalı, business mələkləri (business angels), kraudfandinq (Crowdfunding) kimi maliyyəşmə modellərinin tətbiqi böyük səmərə verə bilər. Vençür kapitalının tətbiqində İsrail təcrübəsini öyrənmək əhəmiyyətli ola bilər.

Ən dəyərli kapital insana yatırılan kapitaldır

Alfred Marşal

Dayanıqlı inkişafı səciyyələndirən insan kapitalının inkişafını elm-təhsilə, səhiyyəyə daha çox investisiya qoymaqla təmin etməklə Azərbaycan Respublikasının beynəlxalq rəqabətliliyini təmin etmək mümkündür. Bunun üçün təkcə dövlət deyil cəmiyyətin hər bir fərdi özünü ölkənin ən böyük kapitalı kimi dəyərləndirib, öz potensialını ona qoyulan investisiyalarla daima artıraraq tam gücü ilə istifadə etməlidir.

Son xəbərlər

Orphus sistemi