“Tesla” və “SpaceX” şirkətlərinin qurucusu İlon Mask bir sutkada 16,3 milyard ABŞ dolları itirərək dünyanın ən varlı beş adamı arasındakı mövqeyini itirib.
“Report” xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi özünün hesabladığı “Bloomberg Billionaires Index”ə (BBI) istinadən yazıb.
Reytinqə əsasən, Maskın sərvəti hazırda 82,2 milyard ABŞ dollarıdır ki, bu da altıncı sıraya uyğundur. Agentlik bu azalmanın BBI tarixindəki ən böyük günlük eniş olduğunu vurğulayır.
Milyarderin sərvətindəki belə kəskin azalmaya “Tesla”nın səhmlərinin xeyli ucuzlaşması səbəb olub. Dünən elektrikli avtomobil istehsalçısının səhmlərinin dəyəri 21,06% azalaraq 330,21 ABŞ dollarına düşüb.
Reytinqdə 1-ci yeri 186 milyard ABŞ dolları sərvəti ilə “Amazon”un rəhbəri Ceff Bezos tutub. İlk “5-lik”də həmçinin “Microsoft” qurucusu Bill Geyts (121 milyard ABŞ dolları), “Facebook” qurucusu Mark Zukerberq (103 milyard ABŞ dolları), “Louis Vuitton Moët Hennessy” qrupunun prezidenti Bernar Arno (85,5 milyard ABŞ dolları) və investor Uorren Baffet (82,4 milyard ABŞ dolları) yer alıblar.