IFC Azərbaycan hökumətinə iqtisadi islahatlarla bağlı təkliflər verəcək

IFC Azərbaycan hökumətinə iqtisadi islahatlarla bağlı təkliflər verəcək Dövlət xidmətləri və təhsilin keyfiyyətinin artırılması, ixracın təşviqi və s. tədbirlər nəzərdə tutulur
Biznes
25 Aprel , 2016 14:59
IFC Azərbaycan hökumətinə iqtisadi islahatlarla bağlı təkliflər verəcək

Bakı. 25 aprel. REPORT.AZ/ "Azərbaycan hökuməti ölkədə sahibkarlığın inkişafı üçün son dövrlər əhəmiyyətli addımlar atır. Öz növbəsində, Beynəlxalq Maliyyə Korporasiyası (IFC) da ölkədə sahibkarlığın inkişafına təkan verən üç istiqamətdə təkliflər irəli sürmək niyyətindədir". "Report" xəbər verir ki, bunu IFC-nin Bakı nümayəndəsi Aliyə Əzimova bildirib. 

A.Əzimova qeyd edib ki, təkliflər sırasında ilk olaraq dəstəkləyici dövlət xidmətlərinin keyfiyyətinin artırılması məsələsi yer alıb: "Məsələn, artıma xidmət edən infrastrukturun inkişaf etdirilməsi - yollar, suvarma sistemləri və s. bacarıqlara dair bazar ehtiyacını nəzərə almaqla, işçi qüvvəsinin, peşə və ali təhsilin keyfiyyətinin artırılması, innovasiyalar, tədqiqat və potensialın stimullaşdırılması, habelə rəqabətli ixracın təşviq edilməsi məsələləri bura aiddir".

“Əlverişli biznes mühitinin təşviqi - yüksək səviyyədə əmlak hüquqları, müqavilələrin yerinə yetirilməsi və şəffaf məhkəmə sistemləri, təkmilləşdirilmiş vergi sistemi və şirkətlərə qarşı bərabərhüquqlu münasibəti özündə əks etdirən cəlbedici mühiti nəzərdə tuturam. Habelə maliyyə sektorunda rəqabətin daha geniş vüsət alması və maliyyə vasitəçiliyinin artması üçün lazım olan adekvat tənzimlənmə bazasının tətbiqini təklif edirik”, - deyə A.Əzimova qeyd edib.

IFC nümayəndəsi əlavə edib ki, son 10 ildə Azərbaycanda IFC-nin strategiyası qeyri-neft sektorunun inkişafına fokuslanıb. IFC neft və qaz, maliyyə və digər sektorlar üzrə 55 uzunmüddətli layihə üçün ölkəyə 500 min ABŞ dollarından artıq vəsait ayırıb: "Müştərimiz olan banklar ölkə üzrə 300 mindən çox orta və kiçik sahibkara dəstək verib".

Son xəbərlər

Orphus sistemi