“İqtisadi artımda innovasiyaların rolunun alternativ qiymətləndirilməsi” mövzusunda beynəlxalq konfrans keçirilib

Biznes
  • 13 noyabr, 2017
  • 16:30
“İqtisadi artımda innovasiyaların rolunun alternativ qiymətləndirilməsi” mövzusunda beynəlxalq konfrans keçirilib

Bakı. 13 noyabr. REPORT.AZ/ Bu gün İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunda “İqtisadi artımda innovasiyaların rolunun alternativ qiymətləndirilməsi” mövzusunda konfrans keçirilib.

“Report” xəbər verir ki, konfransda İqtisadiyyat Nazirliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının, ali təhsil müəssisələrinin nümayəndələri ilə yanaşı, Qazaxıstanın İqtisadi Tədqiqatlar İnstitutunun və Dövlət-Özəl Sektor Əməkdaşlıq Mərkəzinin əməkdaşları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov müasir dövrdə innovasiyaların iqtisadi inkişafda rolu və onun təsirinin qiymətləndirilməsinin sahə mütəxəssisləri arasında müzakirəsinin, yeni çağırışlar və meyllərin qiymətləndirilməsində alternativ ölçmə üsullarının tətbiqinin əhəmiyyətini vurğulayıb.

Nazir müavinin sözlərinə görə, müasir dövrdə yeni texnologiyaların transferi iqtisadiyyatın strukturunun yenilənməsi, əlavə dəyəri yüksək olan rəqabətqabiliyyətli müasir sənaye məhsulları və innovasiya əsaslı sənaye subyektlərinin formalaşmasını şərtləndirib: “Bu proseslər dövlət dəstəyinin rolunun artması fonunda elmi tədqiqatlar, universitet və sənaye işbirliyinin formalaşmasının təsiri nəticəsində yeni innovativ sahibkarlığın formalaşmasını təmin edib”.

İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev Azərbaycanda aparılan innovativ sənayeləşmə siyasəti fonunda Konfransın əhəmiyyətli olduğunu qeyd edib və İnstitutun Qazaxıstanın İqtisadi Tədqiqatlar İnstitutu ilə 10 ilə yaxın müddətdə birgə gördüyü işlər barədə məlumat verib, bu sahədə professor Saylau Bayzakovun töhfəsini vurğulayıb, onu konfrans iştirakçıları adından 80 illik yubileyi münasibətilə təbrik edib.

Tədbirdə Qazaxıstanın “İqtisadi Tədqiqatlar İnstitutu” ASC-nin nümayəndəsi Sara Alpısbayeva Azərbaycan və Qazaxıstan elmi tədqiqat institutlarının səmərəli əməkdaşlıq etdiyini və əlaqələrin daha da genişləndirilməsinin əhəmiyyətindən danışıb.

Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun direktoru Yadulla Həsənli Azərbaycanda innovasiyaların sənayenin inkişafında önəmli rol oynadığını qeyd edib, universitet-sənaye işbirliyinin formalaşmasının və kadr hazırlığının əhəmiyyətindən danışıb.

Plenar sessiyada Qazaxıstanın İqtisadi Tədqiqatlar İnstitutunun Analitik Tədqiqat və Proqnozlaşdırma Mərkəzinin direktoru Sara Alpısbayeva Qazaxıstanda enerji bazarının qlobal qeyri-müəyyənlik şəraitində uzunmüddətli inkişaf məqsədləri, Qazaxıstanın Dövlət-özəl sektor Əməkdaşlıq Mərkəzinin icraçı direktoru Azamat Nurseyitov dövlət və biznesin qeyri-mütənasib inkişafı: idarəetmə üçün yeni çağırışlar, İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun direktor müavini Arzu Hüseynova intellektual təhlil üsulları və modellərinin tətbiqi, İnstitutun Baş elmi işçisi Malik Mehdiyev dəyər və indekslər nəzəriyyəsi arasındakı ziddiyyət və onun iqtisadi artımın statistik qiymətləndirilməsində yaratdığı problem mövzularında təqdimatlarla çıxış ediblər.

Tədbir öz işini seksiyalarda elmi məruzələrin dinlənilməsi ilə davam etdirib.

Son xəbərlər

Bütün Xəbər Lenti