İnvestisiya layihələrinin maliyyələşməsinə 72 mln. manat güzəştli kredit verilib

Biznes
  • 31 avqust, 2017
  • 13:30
İnvestisiya layihələrinin maliyyələşməsinə 72 mln. manat güzəştli kredit verilib

Bakı. 31 avqust. REPORT.AZ/ Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) xətti ilə müvəkkil kredit təşkilatları vasitəsilə Tərtər və ətraf rayonlarda fəaliyyət göstərən sahibkarlıq subyeklərinə 492 min manatadək güzəştli kredit verilib.

“Report” bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Verilən kreditlər, əsasən, pambıqçılıq, heyvandarlıq və əkinçilik sahələrinin inkişafına yönəldiləcək. Bu, investisiya layihələrinin reallaşdırılması 40-dan çox yeni iş yerinin yaradılmasına imkan verir.

"İndiyədək Tərtər rayonundan olan 264 sahibkara 5,1 mln. manat güzəştli kredit verilib ki, bu kreditlər 500-dən çox yeni iş yerinin yaradılmasına imkan verir. Fondun fəaliyyətində əsas prioritetlərdən biri sərhəd və cəbhə bölgəsində vətəndaşların sahibkarlıq fəaliyyətinə cəlb olunmasının stimullaşdırılması məqsədilə onlara dövlətin güzəştli kreditlərinin verilməsi və maarifləndirilməsidir. Ümumiyyətlə, indiyədək Sahibkarlığa Kömək Milli Fondu tərəfindən sərhəd və cəbhə bölgəsində fəaliyyət göstərən 19 mindən çox sahibkara 681 milyon manatadək güzəştli kredit verilib", - deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, 2017-ci ilin ötən dövrü ərzində 1 000-dən çox sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 72 mln. manat güzəştli kredit verilib. Bu kreditlər hesabına maliyyələşdirilən layihələrin reallaşdırılması 3 000-dən çox yeni iş yerinin açılmasına imkan yaradır.