"Holcim Azerbaijan"ın xalis mənfəəti 45% artıb
- 22 iyul, 2022
- 05:25
Yeniliklərdən dərhal xəbərdar olun!
"Holcim Azerbaijan" ASC 2021-ci ili 3,124 milyon manat xalis mənfəətlə başa vurub.
"Report" şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2020-ci illə müqayisədə 45,3% çoxdur.
Ötən il səhmdar cəmiyyətinin satışdan gəlirləri 114,996 milyon manat (əvvəlki ilə nisbətən 14,2 % çox), satışının maya dəyəri 61,598 milyon manat (4,2% çox), çatdırılma xərcləri 22,399 milyon manat (46,6% çox), ümumi və inzibati xərclər 11,009 milyon manat (28,1% çox), satış xərcləri 1,762 milyon manat (23% çox), maliyyə aktivləri üçün ehtiyatdakı dəyişiklikdən zərəri 3,073 milyon manat (5,2 dəfə çox), maliyyə xərcləri 9,465 milyon manat (11,3 % az), məzənnə fərqindən gəliri 92 min manat (1 il bundan əvvəl zərər olub), digər gəlirləri 1,55 milyon manat (98% çox), mənfəət vergisi ödəmələri isə 4,208 milyon manat (4,5 dəfə çox) təşkil edib.
Bu il yanvarın 1-nə "Holcim Azerbaijan"ın aktivləri 284,671 milyon manat olub ki, bu da illik müqayisədə 2,8 % azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 0,1 % azalaraq 151,398 milyon manata, balans kapitalı isə 5,7 % azalaraq 133,273 milyon manata düşüb.
Xatırladaq ki, "Holcim Azerbaijan" 2000-ci ildə yaradılıb və ölkənin ən iri sement istehsalçısıdır. Onun nizamnamə kapitalı 31,813 milyon manatdır. Şirkətin səhmlərinin 86%-i İsveçrənin "Lafarge Holcim" və "Holcim Auslandbeteiligungs GmbH." şirkətlərinə (müvafiq olaraq 76% və 10%), 14%-i isə fiziki şəxslərə məxsusdur.