Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsinin dəyəri yarım milyard dolları ötüb
- 20 iyun, 2022
- 07:25
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-may aylarında Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsinin dəyəri 540 milyon ABŞ dollarına bərabər olub.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib.
Sənədə əsasən, illik müqayisədə bu göstərici 32,3 % artıb.
Hesabat dövründə Azərbaycan Gürcüstanın ümumi ticarət dövriyyəsində 7,8 % payla qonşu ölkənin əsas ticarət tərəfdaşları arasında Türkiyə, Çin və Rusiyadan sonra IV yeri tutub.
Yanvar-mayda Gürcüstanın Azərbaycana ixracının həcmi illik müqayisədə 14,6 % artaraq 224,1 milyon ABŞ dolları təşkil edib. Gürcüstanın ümumi ixracında Azərbaycan 10,6 % payla Çindən sonra qonşu ölkənin II əsas ixrac tərəfdaşı olub.
Gürcüstanın Azərbaycandan idxalının dəyəri isə 48,8 % artaraq 315,8 milyon ABŞ dolları olub. Azərbaycan Gürcüstanın ümumi idxalında 6,6 % payla Türkiyə, Rusiya və Çindən sonra qonşu ölkənin idxal üzrə əsas tərəfdaşları arasında IV yerdə qərarlaşıb.