Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsi 23 % azalıb
- 19 fevral, 2024
- 13:10
Bu ilin yanvar ayında Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsinin dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 22,9 % azalaraq 92,994 milyon ABŞ dolları olub.
“Report” bu barədə Gürcüstanın Milli Statistika İdarəsinə istinadən xəbər verir.
Bu, qonşu ölkənin aylıq ticarət dövriyyəsinin 6,9 %-ni təşkil edib.
Hesabat dövründə Gürcüstanın Azərbaycana ixrac etdiyi məhsulların dəyəri 1 il əvvələ nisbətən 21,2 % azalaraq 40,925 milyon ABŞ dolları (ümumi ixracın 12,1 %-i), Gürcüstanın Azərbaycandan idxal etdiyi məhsulların dəyəri isə 24,3 % azalaraq 52,069 milyon ABŞ dolları (ümumi idxalın 5,2 %-i) olub.
Yanvarda Gürcüstanın ümumi ticarət dövriyyəsinin dəyəri illik müqayisədə 14,8 % azalaraq 1 milyard 341,327 milyon ABŞ dollarına düşüb. O cümlədən, qonşu ölkə ixracının dəyərini 26,2 % azaldaraq 338,616 milyon ABŞ dollarına, idxalının dəyərini isə 10,1 % azalaraq 1 milyard 002,712 milyon ABŞ dollarına endirib.
Son nəticədə Gürcüstanın xarici ticarətində 664,096 milyon ABŞ dolları mənfi saldo yaranıb ki, bu da illik müqayisədə 1,2 % çoxdur.