Gündüz Kərimov: "Komplayns şirkətin dəyərini artırır"
- 20 oktyabr, 2026
- 10:11
Yeniliklərdən dərhal xəbərdar olun!
Şirkətlərin əqli mülkiyyət hüquqlarının qorunması, brend və reputasiyasına xələl gətirə biləcək halların qarşısının alınması, eləcə də məxfi məlumatların təhlükəsizliyinin təmin edilməsi korporativ komplayns siyasətinin əsas istiqamətlərindəndir.
"Report" xəbər verir ki, bunu Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri Gündüz Kərimov Bakıda keçirilən Dayanıqlı Biznes: Korporativ İdarəetmə, Risk və Komplayens (GRC) tədbirində bildirib.
Onun sözlərinə görə, şirkətin brendinin və reputasiyasının qorunması, adından düzgün istifadə edilməsi, əmtəə nişanlarının təqlidinin qarşısının alınması komplayns siyasətinin tərkib hissəsidir və bu məsələlərə xüsusi diqqət yetirilməlidir.
"Şəxsi məlumatların və məxfi informasiyanın qorunması da komplaynsa daxildir. Məsələn, insayder məlumatlarının yayılmasının, digər şəxslərin mülkiyyətinə aid məlumatların qanunsuz açıqlanmasının və ya əldə edilməsinin qarşısının alınması komplayns mədəniyyətinin tərkib hissəsidir", - deyə o qeyd edib.
G.Kərimov vurğulayıb ki, şirkətin tanınması və müsbət reputasiyasının formalaşması komplayns siyasətinə ciddi riayət olunması ilə birbaşa bağlıdır.
"Misal üçün, mühasibatlıqda "goodwill" anlayışı var. "Goodwill" şirkətin dəyərini həm artıra, həm də azalda bilər, yəni müsbət və ya mənfi təsir göstərə bilər. Komplayns isə birmənalı olaraq bu dəyərin artırılmasına xidmət edir. Komplayns prinsiplərinə riayət edilməsi şirkətin nüfuzunun yüksəlməsinə və onun işgüzar reputasiyasının möhkəmlənməsinə xidmət edir", - deyə o əlavə edib.