Gözəllik ondur, doqquzu dondur... Amma sağlamlıq daha vacibdir

Gözəllik ondur, doqquzu dondur... Amma sağlamlıq daha vacibdir Bir sıra geyim mağazalarında növbəlilik, məsafə, geyimdəyişmə otaqlarında gigiyenik qaydaların gözlənilməməsi, maska taxılmaması koronavirusa yoluxmaya şərait yaradır
Biznes
19 Avqust , 2020 13:04
Gözəllik ondur, doqquzu dondur... Amma sağlamlıq daha vacibdir

Koronavirus infeksiyasına yoluxma sayının azalması, sosial məsuliyyətin güclənməsi bir sıra yumşaldılmalara şərait yaratdı və qəbul edilmiş qərarlarla bir sıra sahələrdə fəaliyyət bərpa edildi. Fəaliyyətinə icazə verilən sahələr arasında iri ticarət mərkəzləri istisna olmaqla, sərt karantin rejiminin tətbiq olunduğu 13 şəhər və rayonda qeyri-ərzaq mallarının satışını həyata keçirən ticarət, həmçinin məişət xidməti obyektləri də var.

"Report"un məlumatına görə, müvafiq dövlət qurumları, o cümlədən İqtisadiyyat Nazirliyi fəaliyyətinə icazə verilmiş iş və xidmət sahələrində zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərə əməl edilməsinə nəzarət məqsədilə monitorinqləri davam etdirir.

Müşahidələr göstərir ki, ticarət, xidmət və istehsal obyektlərində zəruri qayda və tələblərə əməl olunmaması halları əhəmiyyətli dərəcədə azalıb. Hazırda nöqsanlar əsasən, kiçik ticarət və xidmət obyektlərində nəzərə çarpır. Bununla belə, sahibkarlar sanitar və gigiyena qaydalarına riayət edilməsinə, fiziki məsafənin gözlənilməsinə, dezinfeksiyaedici və qoruyucu vasitələrdən istifadə edilməsinə ciddi diqqət yetirməlidirlər. Biz də, istehlakçı olaraq tələblərə əməl etməklə yanaşı, həm də ictimai nəzarətin təşkilində fəal olmalıyıq. Hər hansı məsuliyyətsiz addım infeksiyaya yoluxma riskini artıra bilər...

Yeni geyim xatirinə sosial məsuliyyətsizlik...

Yumşaldılmaların tətbiqindən sonra bəzilərində yaranmış arxayınlaşma, xüsusilə də geyim mağazalarına, ictimai yerlərə gedərkən maska və digər qoruyucu vasitələrdən istifadə edilməməsi, fiziki məsafə gözlənilməməsi hallarına rast gəlinir. Bir sıra geyim mağazalarında Yeni Həyat Tərzi və Fəaliyyət Qaydaları ilə bağlı tövsiyələrə əməl olunmaması, növbəlilik, məsafə, geyimdəyişmə otaqlarında gigiyenik qaydaların gözlənilməməsi, maska taxılmaması koronavirusa yoluxmaya şərait yaradır. Yaxud geyim mağazalarının növbəlilik və məsafə gözləmə üçün uyğun dizayn edilməməsi, ticarət obyektində bu baxımdan lazımi şərait yaradılmaması da yoluxma təhlükəsini artırmış olur...

Cəmiyyətdə pandemiya təhlükəsinin diktə etdiyi Yeni Həyat Tərzinin oturuşması, virusdan qorunma ilə bağlı zəruri qayda və tələblərə əməl olunması, bu sahədə sosial məsuliyyətin lazımi səviyyədə dərk edilməsi hələ də aktual olaraq qalır.

 “Eye shoppinq” şakəri...

Qeyd edək ki, karantin rejimi başlanandan bəri insanların əksəriyyəti geyim qarderobunu yeniləməyə macal tapmayıb, eləcə də martdan etibarən satışın zəifləməsinə görə geyim mağazalarının sahibləri yumşalmadan yararlanaraq təcili və endirimli təqdimatlarla satış həyata keçirmək, biznes dövriyyələrini bərpa etməyə çalışırlar.

Sahibkarların bu addımları başa düşüləndir. Bununla belə, zəruri qayda və tələblərə əməl olunmalıdır. Olunmadıqda isə, geyim mağazalarında arzuolunmaz, risklərə yol açan sıxlıq yaranır. Bəziləri isə zərurət olmadan, sadəcə gəzmək üçün, yaxud da “eye shopping”  - “göz doyurmaq üçün bazarlıq” məqsədilə mağazalarda sıxlığa və yoluxmaya səbəb olurlar.

Amma bunu unutmaq lazım deyil ki, virusdan qorunmaq üçün zəruri qayda və tələblərə əməl etmədən geyim mağazalarında basırıq yaratmaq, məsafə gözləməmək, maska taxmamaq tezliklə yoluxma sayını artıra, yumşalmalar ləğv edilə, sərt karantin yenidən bərpa edilə bilər. Bununla da, evlərimizə yenidən qapanmış olarıq. Nə açıq geyim mağazası qalacaq, nə də ki “eye shoppinq” imkanı...

 Bütün bunların olmaması üçün, istər geyim mağazalarının sahiblərindən, istərsə də istehlakçılardan sosial məsuliyyət prinsipindən çıxış etməyi, mağazalarda fiziki məsafə, növbəlilik və gigiyena qaydalarına əməl etməyi, maska taxmağı, sıxlıq yaratmamağı, özündə koronavirus simptomları hiss edənləri mağazalara girməməyi tələb edir.

Tələblərə əməl etməklə koronavirus təhlükəsi olmayan, daha xoş həyata hamılıqla, tezliklə və sağlıqla dönə bilərık...

Bunun üçün isə Yeni Həyat Tərzinə uyğunlaşmalı, Yeni Fəaliyyət Qaydalarına mütləq əməl etmək lazımdır.

Göründüyü kimi, qaydalar sadə, əməl edilməsi isə asandır. Bizə isə hər yerdə, o cümlədən, geyim mağazalarında da onlara dəqiqliklə əməl etmək qalır. Gəlin əməl edək, özümüzü, yaxınlarımızı qoruyaq. Sağlamlığımız tələblərə əməl etməkdən, xidmətlərdən istifadə imkanlarımız isə sağlamlığımızdan asılıdır. Elə “shoppinq” də...

Son xəbərlər

Orphus sistemi