Ötən gün Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası (AFchamber) Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynovla onlayn görüş həyata keçirib.
Bu barədə “Report” Palataya istinadən xəbər verir.
Görüşün məqsədi “Aİ Biznes Mühiti Azərbaycan 2020” Hesabatı əsasında təkmilləşdirilən iş icazəsi kvotası elektron xidməti, eləcə də miqrasiya sahəsində həyata keçirilən yeniliklər ilə bağlı şirkət nümayəndələrini məlumatlandırmaq idi.
Görüşdə Fransanın Azərbaycandakı səfiri Zacharie Gross, Aİ Nümayəndəliyinin Azərbaycandakı rəhbəri Kestutis Jankauskas fəxri qonaq qismində iştirak ediblər. Tədbirə müxtəlif şirkətlərin nümayəndələri qoşulub.
Açılış nitqi ilə çıxış edən Palatanın İdarəedici direktoru Zibər Hüseynova Vüsal Hüseynova və səfirlərə dəvəti qəbul edib tədbirdə iştirak etdiklərinə təşəkkürünü bildirib. Palatanın həmmüəllifi olduğu “Aİ Biznes Mühiti Azərbaycan 2020” Hesabatında Dövlət Miqrasiya Xidməti ilə bağlı şirkətlərin mövqeyinə toxunan Zibər Hüseynova Xidmətin fəaliyyətinin yüksək qiymətləndirildiyini vurğulayıb. O, Dövlət Miqrasiya Xidmətinin bu Hesabatı əsas götürərək qısa zaman kəsiyində həyata keçirdiyi islahatların təqdirəlayiq olduğunu qeyd edib.
Z.Gross dövlət və özəl sektor arasında bu kimi tərəfdaşlığın vacibliyini və bu xüsusda Dövlət Miqrasiya Xidmətinin biznes nümayəndələri ilə fəal əməkdaşlığını yüksək qiymətləndirdiyini bildirib.
Kestutis Jankauskas Aİ-nin miqrasiya sahəsində həyata keçirdiyi layihələrindən və bu istiqamətdə Dövlət Miqrasiya Xidməti ilə uğurlu əməkdaşlığından danışıb.
Görüşdə qonaq-məruzəçi qismində iştirak edən Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov biznes sektoru ilə mütəmadi olaraq görüşlərin keçirilməsinin əhəmiyyətli olduğunu bildirib. O qeyd edib ki, məhz bu əməkdaşlığın nəticəsində “Aİ Biznes Mühiti Azərbaycan 2020” Hesabatında miqrasiya siyasəti 5 ən yaxşı yerli göstəricidən biri kimi qiymətləndirilib.
Daha sonra Vüsal Hüseynov iştirakçıları Xidmət tərəfindən təklif olunan yeni elektron xidmətlər barədə məlumatlandırıb. O, Hesabata əsasən təkmilləşdirilən iş icazəsi kvotası, əcnəbi işçi qüvvəsinə tələbat haqqında proqnoz-məlumat, müvəqqəti yaşamaq üçün icazə kimi elektron xidmətlər, həmin xidmətlərdən istifadə barədə detallı məlumat verib.
Görüş biznes nümayəndələri tərəfindən ünvanlanan sualların cavablandırılması ilə davam edib.
Qeyd edək ki, Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası əsas missiyası dövlət və özəl sektor arasında tərəfdaşlığı təşviq etmək olan qeyri-hökumət təşkilatıdır. Palata məlumatlandırıcı və maarifləndirici rol oynamaqla, həm üzv şirkətlərə, həm də daha böyük biznes icmasına təsir edən aktual məsələləri hədəfləyərək hər ay rəsmi tədbirlər təşkil edir və üzv şirkətlərə Palatanın platforması vasitəsilə öz bizneslərini inkişaf etdirmək üçün yardım təklif edir. Hazırda Palatanın 50-dən çox yerli, fransız və beynəlxalq üzv şirkəti var.