Halal sənayesində sertifikatlaşdırma və standartlaşdırma prosesində süni zəkadan istifadə olunmalıdır.
“Report” xəbər verir ki, bunu Fələstin Standartlar İnstitutunda İnformasiya və Kommunikasiya Texnologiyaları Departamentinin direktoru Omar Isbaitan Bakıda keçirilən Halal Biznes və Turizm Forumunda (AZHAB Forum) deyib.
O bildirib ki, süni zəka özü qərar verə bilən bir sistemdir və insansayağı davranışlara malikdir: "Eyni zamanda bir çox sualları insandan daha yaxşı cavablandıra bilər. İlk növbədə suni intelekti sertifikatlaşdırma prosesində istifadə edə bilərik. Bu sertifikatlaşdırma vaxtını xeyli azaldacaq və sertifikatların təsdiqi daha sürətli olacaq. Digər bir məsələ xammalın izlənilə bilməsidir. Süni zəka vasitəsilə bunu çox səmərəli şəkildə etmək olar. Xammalın haradan gəlməsi, onun hasilatı, emalı və daşınması zamanı hansı proseduralardan istifadə olunması haqqında ani və müfəssəl məlumat almaq mümkündür".
İslam ölkələrinin müştərək mədəniyyətinin olduğunu xatırladan O.İsbaitan bunula belə ölkədən aslı olaraq halal anlayışının bir az fərqli olduğunu deyib: "Belə olan halda süni intellekt və çoxdilli iri linqvistik modellərdən istifadə edərək biz dil səddini aşa bilərik. Bütün dillərdə standartlar haqqında məlumat əldə etmək mümkün olacaq. Bu, bütün bilikləri bir araya gətirməyi mümkün edəcək. Nə SMIIC-ə, nə HAK-a zəng etməyə ehtiyac qalmayacaq. Süni intellektdən istifadə edərək ani cavab almaq mümkün olacaq. Bu, həm də bizə yenə də vaxta qənaət etməyə imkan verəcək. Eyni zamanda həmin məlumatların halal texniki komitələr tərəfindən hazırlanmasına dair əminlik formalaşacaq".
O, sonda yeni texnologiyaların, o cümlədən süni zəkanın həm də istehsalda, distribüsiyada, dəyər zəncirinin bütün halqalarında istifadə oluna biləcəyini bildirib.