Fariz Cəfərov: "Azərbaycana "Coursera" platformasında 700-dən çox kursa ödənişsiz təhsil təqaüdü təqdim edilir"

Fariz Cəfərov: "Azərbaycana "Coursera" platformasında 700-dən çox kursa ödənişsiz təhsil təqaüdü təqdim edilir" Azərbaycana ABŞ-ın "Coursera" təhsil platformasının 89 ixtisaslaşdırılmış alt kateqoriyanı əhatə edən 700-dən çox kursa daxil olmaq üçün ödənişsiz təhsil təqaüdü təqdim edilir.
Biznes
13 Sentyabr , 2023 10:42
Fariz Cəfərov: Azərbaycana Coursera platformasında 700-dən çox kursa ödənişsiz təhsil təqaüdü təqdim edilir

Azərbaycana ABŞ-ın "Coursera" təhsil platformasının 89 ixtisaslaşdırılmış alt kateqoriyanı əhatə edən 700-dən çox kursa daxil olmaq üçün ödənişsiz təhsil təqaüdü təqdim edilir.

"Report" xəbər verir ki, bunu Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin icraçı direktorunun vəzifələrini icra edən Fariz Cəfərov Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondu və ABŞ-ın “Coursera” şirkəti ilə birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən “4Sİ Akademiyası” layihəsi ilə bağlı mətbuat konfransında deyib.

F. Cəfərov bildirib ki, Dünya İqtisadi Forumunun “Future of Jobs 2023” hesabatında təqdim edilən məlumata əsasən, gələcəyin əsas bacarıqları rəqəmsal sahələrin üzərinə fokuslanıb: "Buradan da belə qənaətə gəlmək olar ki, əmək bazarında bir çox sahələrin sürətli rəqəmsallaşması prosesi baş tutacaq və bu da öz növbəsində yeni iş yerlərinin yaranmasına gətirib çıxaracaq. “4Sİ Akademiyası” layihəsinin də prioritet məqsədi məhz rəqəmsal bacarıqların inkişaf etdirilməsidir".

O, layihənin şərtləri ilə bağlı bildirib ki, layihə çərçivəsində ilk müraciət edən 10 minə yaxın şəxsə 1 il ərzində ABŞ-ın qabaqcıl təhsil platforması olan "Coursera" üzərindən dünyanın nüfuzlu universitetlərinin və şirkətlərinin təqdim etdiyi proqramlaşdırma, süni intellekt, Big Data, rəqəmsal transformasiya, maşın öyrənməsi, blokçeyn və bulud texnologiyaları, kodlaşdırma, Data analitikası, eləcə də liderlik, kommunikasiya kimi bacarıqlar da daxil olmaqla ümumilikdə 89 ixtisaslaşdırılmış alt kateqoriyanı əhatə edən 700-dən çox kursa daxil olmaq üçün ödənişsiz təhsil təqaüdü təqdim olunur.

Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov Fond tərəfindən həyata keçirilən “Qızların təhsilinə dəstək”, “IELTS imtahanına təşviq”, “Maya Hacıyevə adına İKT bacarıqları” təqaüd proqramı və bu il ilk dəfə keçiriləcək Təhsilin İnkişafı Forumu ilə bağlı ətraflı məlumat verib.

E.Nəsibov həmçinin Fondun “4Sİ Akademiyası” layihəsi çərçivəsində fəaliyyəti barəsində bəhs etdi. Fondun əsas rolunun təhsil ictimaiyyətinin layihə haqqında məlumatlandırılaraq daha çox tələbə və müəllim heyətinin layihəyə cəlb olunması olduğunu bildirib.

“Coursera” şirkətinin Asiya və Sakit Okean üzrə İctimai sektorunun rəhbəri Çad Paşa bildirib ki, Azərbaycanda qeydiyyatdan keçən 125 min tələbə var:"Biz istəyir ki, kurslarımız hamı üçün əlçatan olsun".

Son xəbərlər

Orphus sistemi