Vüsal Qasımlı: “Ermənistan resurs müharibəsinə hazır deyil”

Vüsal Qasımlı: “Ermənistan resurs müharibəsinə hazır deyil” İlk 4 gün ərzində düşmənə endirilən zərbələr nəticəsində Ermənistanın təxmini 1,2 milyard ABŞ dollarından çox qiyməti olan hərbi texnika və sursatı məhv edilib
Biznes
1942
2 Oktyabr , 2020 16:56
Vüsal Qasımlı: “Ermənistan resurs müharibəsinə hazır deyil”
Vüsal Qasımlı

Azərbaycan Ordusunun əks-həmləsi Ermənistan üçün ağır başa gəlib.

“Report” xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı “Ermənistanın Azərbaycanla resurs müharibəsində perspektivsizliyi” mövzusunda mətbuat konfransında deyib.

Onun sözlərinə görə, ilk 4 gün ərzində düşmənə endirilən zərbələr nəticəsində Ermənistanın təxmini 1,2 milyard ABŞ dollarından çox qiyməti olan hərbi texnika və sursatı məhv edilib: “ Ən əsası məhv edilən hərbi infrastrukturdur ki, bunun da yaradılmasına düşmən tərəfi onilliklər sərf edib. Ermənistanın hərbi texnika və sursat itkilərinin maliyyə tutumu onun dövlət büdcəsində hərbi istiqamətə nəzərdə tutulmuş xərclərinin həcmini iki dəfə üstələyir. Eyni zamanda ilk 4 gündə məhv edilən təkcə hərbi texnika və sursatın dəyəri Ermənistanın strateji valyuta ehtiyatlarının yarısına və dövlət büdcəsinin üçdə birinə bərabərdir. Nəzərə almaq lazımdır ki, Ermənistanın itkiləri təkcə hərbi infrastruktur, hərbi texnika və sursatla bitmir. Erməni tərəfi həm də müharibənin maliyyələşdirilməsi zərurəti və canlı qüvvə tələfatı ilə üzləşir.”

V.Qasımlı deyib ki, belə resurstutumlu müharibəni maliyyələşdirmək üçün Ermənistanın dövlət büdcəsi yetərli deyil: “Dövlət borcu ÜDM-in 60 faizi və büdcə kəsiri ÜDM-in 5 faizi həddində olan ölkənin resurstutumlu müharibədə qısa müddətdə məğlubiyyəti qaçılmazdır. Srateji valyuta ehtiyatlarına görə Azərbaycan Ermənistanı 20 dəfədən çox, dövlət büdcəsinin həcminə görə isə 5 dəfəyə qədər üstələyir".

İcraçı direktor həmçinin bildirib ki, artıq Ermənistan milli valyuta - dramın devalvasiyası və ərzaq qıtlığı kimi təhdidlərlə üzbəüzdür: “Azərbaycan Ordusunun uğurlu əks-həmləsi Ermənistanın, onsuz da, yüksək olan risk dərəcəsini bir qədər də artırır və ölkədən valyuta axınını sürətləndirir. İndi bu ölkəyə sərmayə qoymaq və borc vermək daha da riskli olmuşdur. Proseslərin belə davamı Ermənistanda yoxsulların sayının da kəskin artmasına səbəb olacaqdır. Beləliklə, düşmən ölkəni əvvəlcə iqtisadi, sonradan isə həm də sosial və siyasi böhran gözləyir".

Son xəbərlər

Orphus sistemi