Bir tərəfdən özünü Qərbin regiondakı "müttəfiqi" kimi təqdim etməyə çalışan Paşinyan hökuməti, digər tərəfdən Rusiya-Ukrayna müharibəsindən kifayət qədər yararlanır
Belə ki, son illərdə Ermənistanda ticarət dövriyyəsində nəzərəçarpacaq dərəcədə artım müşahidə edilir. Diqqət yetirsək görərik ki, son illərə qədər çöküşü göstərən iqtisadi göstəricilər 2022-ci ildə 69 %-lə rekord artıma çatıb. 2023-cü ildə də nisbətən zəif formada, yəni 46 %-lə artım davam edib. Ötən il Ermənistanın ticarət dövriyyəsi 20,7 milyard ABŞ dolları, idxalı 40 % artımla 12,3 milyard ABŞ dolları, ixracı isə 55 % artımla 8,4 milyard ABŞ dolları təşkil edib.
Qarabağın təbii sərvətlərini talamaqla, Rusiyadan, həmçinin digər ölkələrdəki erməni diasporundan gələn pullar, ianələr hesabına hər il iqtisadi göstəricilərində müəyyən rəqəmlər təqdim etməyi bacaran Ermənistan dövlətinin heç bir ciddi iqtisadi islahat aparmadan, qonşuları ilə münasibətlərində müsbət irəliləyişə nail olmadan, üstəgəl İkinci Qarabağ müharibəsindən məğlubiyyətlə ayrılması fonunda birdən-birə son iki ildə ticarət dövriyyəsində əldə etdiyi böyük artımlar heç bir iqtisadi məntiqə uyğun gəlmir. Bəs bu artımlar nəyin hesabına yaranıb?
Bu suala cavab tapmaq üçün son illərdə regionda baş verən geosiyasi vəziyyətə və Ermənistanın ticarət dövriyyəsindəki artımın əsasən hansı ölkələr hesabına baş verdiyinə nəzər yetirək. Son dövrlərdə regionda iqtisadi və geosiyasi vəziyyətə təsir edən mühüm hadisələrdən biri Rusiya-Ukrayna müharibəsidir ki, statistik göstəricilər də bunu sübut edir.
Ermənistan iqtisadiyyatının müharibə üzərində qurulan çürük təməli
Müharibələrin yaratdığı reallıqlar iqtisadiyyata iki istiqamətdə təsir edir. İlk təsir ölkələrin coğrafi mövqeyi və resursları ilə yaranan təbii təsirdir. Əlverişli coğrafi mövqedə yerləşən və resursları olan ölkələr müharibələrdə hər zaman alternativ imkanlar kimi nəzərdən keçirilir və bu da həmin ölkələrdə iqtisadi artımın yaranmasına səbəb olur. İkinci təsir isə süni təsirlərdir ki, buna daha ətraflı toxunacağıq. Məlumdur ki, Ermənistan təbii resursları olmayan, istehsalda olduqca zəif ölkədir. Eyni zamanda bu ölkə çox da əlverişli olmayan coğrafi mövqeyi və apardığı səhv siyasət səbəbindən tranzit ölkə kimi də özünü doğrultmayıb. Buna görə də əminliklə demək olar ki, Ermənistan iqtisadiyyatındakı artımlar ilk təsir hesabına baş verməyib.
Son üç ilin göstəricilərinə nəzər salsaq görərik ki, 2021-ci illə müqayisədə 2023-cü ildə Ermənistanın xarici ticarət dövriyyəsi 2,5 dəfə, idxal 2,3 dəfə, ixrac isə 2,8 dəfə artıb. Bu artımı diqqətlə araşdırdıqda ikinci təsir, yəni süni təsirlərin əlamətini görmək olar. Ermənistanın xarici ticarətinin ölkələr baxımından strukturuna baxdıqda isə görərik ki, Rusiya ilə ticarət əlaqələri 2022-ci ildə 2 dəfə artıqdan sonra 2023-cü ildə Rusiya ilə ticarətdə 43 %-lik artım qeydə alınıb. 2023-cü ildə də əvvəlki ildə olduğu kimi Ermənistanın ticarət dövriyyəsinin üçdə birindən çoxu, yəni 35 %-i məhz Rusiyanın payına düşüb. Ermənistanın digər ticarət tərəfdaşları olan Avropa İttifaqı (Aİ), Çin və İranın isə ticarət dövriyyəsində payı azalıb. Belə ki, 2023-cü ildə xarici ticarətdə Aİ-nin payı 13 %, Çinin payı 10 %, İranın payı isə 3,3 % səviyyəsində olub. Göründüyü kimi bu üç ölkənin ticarətdəki ümumi payı Rusiyanın ticarətdəki payından 8,7 % daha az təşkil edib. Eyni zamanda Ermənistanın Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə də ticarət dövriyyəsi artıb. Bunun nəticəsində BƏƏ-nin xarici ticarətdə payı 2023-cü ildə 11 % səviyyəsinə çatıb. Bununla da BƏƏ Ermənistanın xarici ticarətində Çindən daha böyük paya sahib olub. Onu da qeyd etmək lazımdır ki, Ermənistanın 2023-cü ildə Koreya, Kanada və Yaponiya ilə ticarət dövriyyəsi müvafiq olaraq 84 %, 82 % və 76 % artıb.
Göründüyü kimi qeyd edilən dövrdə Ermənistanın Rusiyaya ixracı və Rusiyanın Ermənistanın xarici ticarət əlaqələrində payı artıb.
Müharibə başladıqdan sonra Rusiya sanksiyaya məruz qalmış məhsulları üçüncü ölkələr hesabına təmin edir və Ermənistan da bu prosesdə aktiv şəkildə rol oynayır. Ticarət dövriyyəsində, xüsusilə də ixracda müşahidə edilən artımın da böyük hissəsi məhz Rusiyaya yenidən ixrac edilən məhsulların payına düşür. Lakin qeyd etmək lazımdır ki, bu artım müvəqqəti xarakter daşıyır və Ermənistan iqtisadiyyatı bu artımı davamlı edəcək möhkəm təməllərə sahib deyil. Yaddan çıxarmaq olmaz ki, beynəlxalq münasibətlər istənilən an dəyişə bilər və bu, ticarət mühitinə təsir edir. Müharibə bitdikdən sonra iqtisadiyyatda yaranan bu artım prosesi də ciddi şəkildə zəifləyəcək.
Ermənistan beynəlxalq arenada səsləndirilən iradlara əhəmiyyət vermədən süni iqtisadi göstəricilər yaradır
2023-cü ildə Ermənistanda xarici ticarət əlaqələrinin inkişaf dinamikasını anlamaq üçün xarici ticarətin məhsullar baxımından da strukturuna nəzər yetirmək vacibdir.
Statistik məlumatlar göstərir ki, 2023-cü ildə Ermənistanın ən çox ixrac etdiyi məhsul qrupuna qiymətli və yarı qiymətli daşlar, qiymətli metallar və onlardan düzəldilən məhsullar aid olub. Bu dövrdə qeyd edilən məhsulların ixracı 3,211 milyard ABŞ dollarına çatıb və əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,2 dəfədən daha çox olub. Maraqlıdır ki, beynəlxalq aləmdə Rusiyaya ixracda üçüncü rolu həvəslə oynayan Ermənistana kəskin iradlar olsa da, təkcə ötən ilin dördüncü rübündə Ermənistan xaricə 2,107 milyard ABŞ dollarlı dəyərində analoji məhsul satıb və bu, cəmi ixracın 66 %-ni təşkil edib. Bununla da Ermənistan beynəlxalq təzyiqlərə əhəmiyyət vermədiyini göstərir.
Beynəlxalq Maliyyə İnstitutunun (IIF) baş iqtisadçısı, “Goldman Sachs”ın keçmiş baş valyuta strateqi və Beynəlxalq Valyuta Fondunun baş iqtisadçısı Robin Bruksun dəfələrlə sosial şəbəkələrdəki paylaşımında da bu məsələyə xüsusi toxunulub. Paylaşımlardan birində deyilir: “Mərkəzi Asiya və Qafqazda Qərb mallarının Rusiyaya təkrar ixracı üçün iki mərkəz var: Ermənistan və Gürcüstan. Ermənistan Rusiyaya nəhəng birbaşa ixracı, Gürcüstan isə Rusiyanın sattelit ölkələrinə ixracında böyük artımı ilə seçilir”.
Ermənistanın ikinci ən çox ixrac etdiyi məhsul qrupuna isə maşınlar, avadanlıqlar və mexanizmlər aiddir və bu məhsulların ixrac həcmi 2023-cü ildə 1,291 milyard ABŞ dollarına çatıb və bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 80 % çoxdur.
Üçüncü ən çox ixrac edilən məhsul qrupuna isə mineral məhsullar aid olub. Baxılan dövrdə bu məhsulların ixracı 888 milyon ABŞ dollarına çatıb. Digər məhsul qrupları ilə müqayisədə mineral məhsulların ixrac həcmi 13,6 % azalıb. Dördüncü ən çox ixrac edilən məhsullar isə hazır qida məhsulları olub və bu məhsulların ixracı 2023-cü ildə 885 milyon ABŞ dollarına yaxın təşkil edib.
Ermənistanın ixracında sanksiyalara məruz qalan məhsullar üstünlük təşkil edir
Ermənistanda məhsullar baxımından ixracın strukturuna baxdıqda diqqət çəkən məqamlardan biri də almaz ixracının kəskin artmasıdır. Qeyd etmək lazımdır ki, Ermənistan almaz ehtiyatları ilə zəngin ölkə deyil və əsasən almazı xammal şəklində alaraq onu emal etdikdən sonra ixrac edir. Ona görə də baxılan dövrdə Ermənistana almaz idxalı da əsaslı şəkildə artıb. Digər diqqət çəkən məqam isə ondan ibarətdir ki, Ermənistanın almazı ən çox ixrac etdiyi ölkə BƏƏ, ən çox idxal etdiyi ölkə isə Rusiyadır. Almaz idxalında Rusiyanın payı 2023-cü ildə 44 %-ə, almaz ixracında BƏƏ-nin payı isə 86 %-ə qədər yüksəlib. Bu isə onu göstərir ki, Ermənistan sanksiyalara görə Rusiyadan almazın BƏƏ-yə yenidən ixracında da birbaşa iştirak edir. Elə buna görədir ki, Ermənistandan BƏƏ-yə ixracın həcmi əsaslı şəkildə artıb.
Aparılan təhlillər bir daha təsdiq edir ki, Ermənistanın xarici ticarət əlaqələrində müşahidə edilən artım dinamikası əsasən sanksiyalara məruz qalan məhsulların yenidən ixracı nəticəsində formalaşıb. 2023-cü ildə Ermənistanın ölkələr baxımından xarici ticarət əlaqələrində qeyri-adi artımın müşahidə edildiyi iki ölkə vardır, Rusiya və BƏƏ. Hər iki ölkə üzrə də Ermənistanın ticarət əlaqələri yenidən ixrac əsasında qurulub. Ermənistan Avropadan gələn məhsulları Rusiyaya yenidən ixrac etməkdə, Rusiyadan gələn almazı isə BƏƏ-yə yenidən ixrac etməklə ticarətdə bu nəticələri əldə edib.
Xarici ticarətin strukturunda məhsullara baxdıqda da görmək olar ki, qeyri-adi dinamika maşınlar, avadanlıqlar və mexanizmlər məhsul qrupunun və almazın ixracında müşahidə edilib və hansı ki, Rusiya-Ukrayna müharibəsi nəticəsində sanksiyalara məruz qalmış məhsullardır.
Nəhayət, ticarətin bu artımının Ermənistanın öz istehsal və sənaye potensialını artırmasına əsaslanmaması faktı iqtisadiyyatın əsaslı sağlam olması ilə bağlı ciddi suallar yaradır. Bu ticarət artımı Ermənistanın öz istehsal sektorunu inkişaf etdirmək və daxili tələbatı ödəmək imkanı kimi istifadə edilməsə, uzunmüddətli perspektivdə iqtisadi inkişafın davamlılığı təhlükə altına düşə bilər.
Yekun olaraq aydın olur ki, Ermənistanda iqtisadi artım Rusiya-Ukrayna müharibəsi nəticəsində yaranmış müvəqqəti amillərə əsaslanır və iqtisadiyyat möhkəm təməllər üzərində qurulmayıb. Ölkə davamlı inkişaf üçün daxili imkanlarını gücləndirməli və xarici asılılığı azaltmalıdır. Əks halda, müvəqqəti qazancların daimi iqtisadi canlanmaya çevrilməsi ehtimalı azdır.