Bakı. 2 fevral. REPORT.AZ/ Azərbaycanda endirim kampaniyaları aparan ticarət obyektlərinə qarşı yeni tələblər irəli sürülür.
"Report" xəbər verir ki, parlamentin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan "Reklam haqqında" qanuna edilməsi nəzərdə tutulan dəyişikliyə əsasən, əmtəənin qiymətinin dəyişməsi barədə reklam aparılarkən orada bır sıra məlumatlar qeyd edilməlidir.
Yeni layihəyə əsasən, kampaniya aparılarkən qiymətin dəyişməsi kampaniyasının başlanma tarixi, müddəti və yeri, qiyməti dəyişdirilən əmtəələrin nomenklaturası reklamda göstərilməlidir. Bundan əlavə, qiyməti dəyişdirilən əmtəənin mövcud qiyməti, reklamda əmtəənin qiymətinin əvvəlki qiymətlə müqayisədə mütləq, yaxud nisbi ifadə ilə dəyişməsi qeyd edilməlidir.
Layihədə qeyd edilir ki, əmtəə satışını stimullaşdıran tədbirlərin reklamında müəyyən əmtəəni alana hədiyyə qismində alkoqollu içkilərin, tütün və tütün məmulatlarının, habelə bu məhsulları alana başqa əmtəələrin təklif edilməsi qadağan olunur.
Layihə Milli Məclisin iclasında birinci oxunuşda qəbul edilib.